Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Komminist Partiyasının hakim “Vətəndaş Müqaviləsi” Partiyasından sonra ikinci yeri tutması diqqət çəkicidir.
News365.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
"Ermənistan Kommunist Partiyası Gümrüdəki uğurunu ölkə ərazisinə yaymağa çalışacaq. Kommunist Partiyası erməni cəmiyyətində nüfuzu azalan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarını müxalifət cinahında əvəz etmək istəyəcək. Əslində Ermənistan Kommunist Partiyasının digər müxalif partiyalardan elə böyük fərqi yoxdur. Bu partiya da Qarabağ separatizminə dəstək verib və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Erməni kommunistlər son illərdə parlament seçkilərində uğur qazanmayıblar, ancaq Gümrüdəki naliyyət onları ölkə üzrə fəallaşdıracaq. Partiyanın adından və ideologiyasından aydındır ki, erməni kommunistləri Qərblə əməkdaşlıq əvəzinə Rusiya ilə müttəfiqliyin tərəfdarıdırlar. Son çıxışında Robert Köçəryanın və Serj Sərkisyanın ünvanına “sizi divara çırparam” deyən Paşinyan parlament seçkilərinə qədər erməni kommunistlərin də zəif nöqtələrini tapmalıdır."