Premyer Liqada 28-ci tur geridə qaldı.
İdman eksperti Kənan Məstəliyev ötən turu şərh edib:
"- Öyrənmədik, artıq neçənci dəfə əmin olduq ki, futbol Tovuzda gözəldi. "Turan"ın matçlarındakı ab-hava heç bir yerdə yoxdu. "Qarabağ"la oyun isə xüsusi gözəl alındı. Meydandan kənarda azarkeş rekordu qırıldı, meydanda isə ev sahiblərini məğlubiyyətinə baxmayaraq, gözəl, sürətli, tempin demək olar ki heç düşmədiyi bir qarşılaşma izlədik. Məhz belə matçlar çempionatın gözü-bəbəyidi.
- Matçın özü haqda çox danışmağa ehtiyac yoxdu, hər şey ortadadı. "Qarabağ" azacıq toparlanan kimi rəqiblərinə aman vermir. Ab-hava da gözəl olandan sonra komanda özünü Avropa matçında hiss etdi və o səviyyədə oynamağa çalışdı. Ağdamlıların müdafiə xəttindəki problemlər hələ də davam edir, ancaq ölkə daxilində bu problem sadəcə narahatlıq səviyyəsindədi. Hə, bir də qapı mövqeyi. Nə hikmətdisə, "Qarabağ"a gələn bütün qapıçılar eniş yaşayır, eyni səhvləri edirlər. Necə deyərlər, "kopyadı". İllərdi "qapıçılarla işləyən məşqçi zəifdi" deməkdən yorulduq.
- Berezutskinin məşqçilik keyfiyyətinin o qədər də yüksək olmadığını hər ötən tur görə bilirik. Bəlkə də tələsirik, vaxt keçdikcə daha yaxşı olacaq, kubokda uğurlu nəticə olacağı halda emosional irəliləyişin köməyi ilə nələrsə dəyişəcək. Amma hazırda görünən vəziyyət başqadı. Son 10 oyunda cəmi 1 qələbə qazanan məşqçi haqda nəsə müsbət fikir söyləmək ayıb olar. Ayıb iş görmədən gözləmə mövqeyi tutaq və kuboku gözləyək.
- Futbolda "Ketçup effekti" deyilən bir termin var. Uzun müddət qol vura bilməyən bir hücumçunun birdən-birə ayağının açılıb dalbadal fərqlənməsini bir yeməyin üstünə ketçup tökmək prosesinə bənzədirlər. Qabın ağzı tutulur, ketçup tökə bilmirsiz, başlayırsız onu möhkəm silkələməyə. Və birdən-birə istədiyinizdən çox tökülür, norma aşılır. Hazırda "Sumqayıt" həmin "ketçup effekti"ni yaşayır. 11 oyun qol vura bilməyən komanda son 3 oyunda 8 dəfə rəqib qapısına yol tapıb, nəticədə 2 qələbə qazanıb, 1 də heç-heçə edib. Görünür, Vaqif Cavadov öz yetirmələrini yaxşıca silkələməyi bacarıb.
- "Qarabağ" toparlansa da, "Zirə" hələ də çempionatın ən yaxşı komandasıdı. "Şamaxı" liderlər sırasında olmasa da, asan təslim olan komanda deyil. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv xüsusilə ikinci hissədə təzyiqi artırmaqla rəqibini üstələməyi bacardı. Həm müdafiə, həm də hücumdakı effektivlik, balanslı oyun öz işini gördü. "Neftçi"nin, "Sabah"ın, digərlərinin görməli olduğu işi - "Qarabağ"ın taxtını laxlatmağa iddianı - "Zirə" görür.