Saralın sonu: Azərbaycan açıqlaması vəzifəsinə baha başa gəldi?

Saralın sonu: Azərbaycan açıqlaması vəzifəsinə baha başa gəldi?
13:36

Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi mühüm əhəmiyyət daşıyır. Rəsmi şəxslərin açıqlamaları isə xüsusilə həssas mövzularda iki ölkənin ictimaiyyətində geniş müzakirələrə səbəb ola bilir. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanda hicabla bağlı səsləndirdiyi fikirlər ətrafında yaranan mübahisələr də bu baxımdan diqqət çəkib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Saralın vəzifəsindən uzaqlaşdırılmasını şərh edərək bunun gözlənilən olduğunu bildirib.


Onun sözlərinə görə, Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia edən açıqlama ilə çıxış edib. Saralın “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır” fikri Azərbaycanda narazılıqla qarşılanıb.

Politoloq qeyd edib ki, Saralın bu mövzuda açıqlama verməsi onun Türkiyə Prezidentinin baş müşaviri statusunu nəzərə aldıqda daha həssas məsələ kimi qiymətləndirilib.

Məlumata görə, jurnalistlə telefon danışığı zamanı Saraldan Azərbaycanla bağlı açıqlamalarına görə vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı soruşulub. O, “Bəli, elə görünür”, – deyə cavab verib.

Oktay Saral daha sonra vəzifəsindən ayrılması ilə bağlı danışarkən qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Bəli. Biz vəzifələrimizlə mövcud deyilik. Cənab Prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral qeyd edib.

Qeyd edək ki, Saralın vəzifədən ayrılması ilə Azərbaycanla bağlı açıqlamaları arasında birbaşa əlaqənin olub-olmaması məsələsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada