Dünyada siyasi, dini və mədəni ziddiyyətlərin dərinləşdiyi bir vaxtda fərqli baxışlara malik tərəflər arasında dialoqun qurulması sülhün qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı anlaşma və əməkdaşlıq münaqişələrin qarşısının alınmasına, cəmiyyətlər arasında etimadın möhkəmlənməsinə şərait yaradır.
News365.az xəbər verir ki, bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad səsləndirib.
O bildirib ki, dialoq münaqişələrin qarşısını almaq üçün ən vacib vasitələrdən biridir.
Nihal Saadın sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansı dinlər və mədəniyyətlər arasında anlaşmanı təşviq etmək, dövlət və qeyri-dövlət aktorlarını ortaq platformada bir araya gətirmək məqsədilə fəaliyyət göstərir. Son 20 ildə təşkilatın keçirdiyi qlobal forumlar beynəlxalq səviyyədə geniş tanınıb.
Direktor vurğulayıb ki, Alyansın təşəbbüsləri dialoqun sülhün təmin olunmasında və cəmiyyətdə birliyin gücləndirilməsində mühüm rol oynadığına dair inama əsaslanır.
O, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu məqsədlərin həyata keçirilməsi üçün mühüm beynəlxalq platforma olduğunu qeyd edib. Nihal Saad Azərbaycanla bu istiqamətdə əməkdaşlığın yeddinci dəfə davam etməsindən məmnunluğunu ifadə edib.
News365.az