Qarabağ Zəfərindən sonra informasiya savaşı: Azərbaycanın mövqeyi niyə vacibdir?

Qarabağ Zəfərindən sonra informasiya savaşı: Azərbaycanın mövqeyi niyə vacibdir?
14:02

Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfər təkcə hərbi uğur deyil, həm də ölkənin suverenliyini və milli iradəsini nümayiş etdirən mühüm hadisədir. Bununla belə, regionda yeni reallıqların formalaşması fonunda informasiya məkanında da müxtəlif müzakirələr və siyasi yanaşmalar ortaya çıxır. Belə şəraitdə tarixi faktların düzgün təqdim edilməsi, milli maraqların qorunması və ölkələr arasında qarşılıqlı hörmətin saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Politoloq Tural İsmayılov bu barədə News365.az-a açıqlamasında bildirib ki, Xocalı soyqırımından Qarabağ Zəfərinə qədər uzanan tarixi yol Azərbaycanın milli iradəsinin, dövlətçilik əzminin və ədalət uğrunda mübarizəsinin göstəricisidir.


Onun sözlərinə görə, Türkiyə mediasında Azərbaycanla bağlı səsləndirilən bəzi fikirlər informasiya məkanının da regional siyasi mübarizənin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir. Belə məqamlarda emosional reaksiyalardan daha çox faktlara, tarixi həqiqətlərə və milli maraqlara əsaslanan mövqe nümayiş etdirmək vacibdir.

Politoloq vurğulayıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyi dəyişməzdir. Eyni zamanda, Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın ortaq tarixi, qardaşlıq bağları və strateji tərəfdaşlığı üzərində qurulub. Bu əlaqələrin davamlılığı isə qarşılıqlı hörmətin və həssas məsələlərə məsuliyyətli yanaşmanın qorunmasını tələb edir.

Tural İsmayılovun fikrincə, Qarabağ Zəfəri Azərbaycanın öz taleyini müstəqil şəkildə müəyyənləşdirən, tarixi ədaləti bərpa edən və regionda yeni reallıqlar yaradan dövlət olduğunu nümayiş etdirib.

Politoloq bu baxımdan informasiya mübarizəsinin mahiyyətinin düzgün dərk edilməsinin və Azərbaycanın milli maraqlarını müdafiə edən mövqenin ardıcıl şəkildə ifadə olunmasının əhəmiyyətini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada