Ərdoğanın müşaviri Oktay Saral getdi – Azərbaycan açıqlamasına görə cəzalandırıldı?

Ərdoğanın müşaviri Oktay Saral getdi – Azərbaycan açıqlamasına görə cəzalandırıldı?
11:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılması barədə məlumat yayılıb.

News365.az-un Türkiyədəki mənbələrinin məlumatına görə, qərar Saralın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin yaratdığı narazılıqla əlaqəli ola bilər.

Nəşrin Türkiyədəki mənbələrinə istinadən yaydığı məlumata görə, Saral gecə saatlarında vəzifəsindən azad edilib. Bildirilir ki, onun Azərbaycanda məktəbli geyimi qaydaları ilə bağlı açıqlaması bu qərarın mümkün səbəblərindən biri olub.

Xatırladaq ki, Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı müzakirələrdən sonra Türkiyənin bəzi siyasi və dini dairələrinin nümayəndələri ölkəmizə münasibətdə tənqidi fikirlər səsləndiriblər. Bu müzakirələrdə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi təmsilçiləri və millət vəkilləri də iştirak ediblər.

Həmin açıqlamalar arasında Oktay Saralın fikirləri də diqqət çəkib. O, Azərbaycanda başörtülü şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia edərək, rəsmi Bakını mövcud qaydalarla bağlı mövqeyinə yenidən baxmağa çağırıb.

Saralın bu açıqlaması Azərbaycanda müzakirələrə və etirazlara səbəb olub. Məsələ ətrafında yaranan mübahisələrdə Türkiyə rəsmilərinin başqa dövlətlərin daxili məsələləri ilə bağlı açıqlamalarında diplomatik həssaslıq və qarşılıqlı hörmət prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

News365.az-un məlumatına görə, Saral vəzifədən ayrılması ilə bağlı açıqlamasında qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə verildiyini bildirib.

“Cənab Prezidentimiz vəzifəyə gətirdi, onun tapşırığı ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Oktay Saralın bildirdiyi qeyd olunub.

Qeyd edək ki, Saralın vəzifədən ayrılmasının Azərbaycanla bağlı açıqlaması ilə birbaşa əlaqəli olması barədə məlumatın rəsmi şəkildə təsdiqlənməsi məsələyə aydınlıq gətirə bilər.

musavat


Sizin reklam burada
Sizin reklam burada