Atatürk keşişə niyə iki kostyum, plaş və şlyapa hədiyyə etmişdi?

Atatürk keşişə niyə iki kostyum, plaş və şlyapa hədiyyə etmişdi?
13:50

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Vatikanın İstanbul nümayəndəsi Angelo Cuzeppe Ronkalli ilə bağlı maraqlı addımı diqqət çəkir. Təhsil eksperti Etibar Əliyev paylaşımında Atatürkün din adamına kostyum, plaş və şlyapa hədiyyə etməsi ilə bağlı tarixi əhvalatı gündəmə gətirib.

Etibar Əliyevin paylaşdığı məlumata görə, Angelo Cuzeppe Ronkalli Türkiyədə fəaliyyət göstərdiyi dövrdə ölkənin qanunlarına hörmətlə yanaşması və türk cəmiyyətinə münasibəti ilə seçilib.

Paylaşımda bildirilir ki, din xadimlərinin dini geyimlərini yalnız ibadət məkanlarında geyinməsini nəzərdə tutan qaydalar tətbiq edildikdən sonra Ronkalli bu tələblərə əməl edib, hər hansı xüsusi imtiyaz istəməyib və Türkiyədə mülki geyimdə gəzən ilk din adamlarından biri olub.

Bu davranışın Mustafa Kamal Atatürkün diqqətini çəkdiyi və onun Ronkalliyə iki kostyum, bir plaş və şlyapa hədiyyə etdiyi qeyd olunur.

Türkiyəyə rəğbəti və türk dilini öyrənməsi ilə tanınan Ronkalliyə sonradan “türk papası” deyildiyi bildirilir. O, daha sonra Roma Papası XXIII İohann kimi tanınıb.

Paylaşımda, həmçinin Ronkallinin Türkiyə ilə Vatikan arasında diplomatik münasibətlərin qurulması prosesindəki roluna diqqət çəkilir.

Etibar Əliyev bu tarixi əhvalatı Yılmaz Özdilin “Mustafa Kamal” kitabına istinadla paylaşıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada