Təmizlik naminə sağlamlığınızı riskə atmayın: Evdə yol verilən təhlükəli səhvlər

Təmizlik naminə sağlamlığınızı riskə atmayın: Evdə yol verilən təhlükəli səhvlər
13:42

Evdə təmizliyə diqqət yetirmək sağlamlığın qorunmasının vacib şərtlərindən biridir. Lakin səthlərin düzgün təmizlənməməsi, qidaların yanlış şəraitdə saxlanılması və kimyəvi vasitələrdən həddindən artıq istifadə olunması yoluxucu xəstəliklərdən qorunmaq əvəzinə, əlavə sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə uşaqlarda gigiyena vərdişlərinin erkən yaşlardan formalaşdırılması infeksiyaların yayılma riskini azaltmaq baxımından əhəmiyyətlidir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova şəxsi və məişət gigiyenasının qorunması, qida təhlükəsizliyi, qapalı məkanların havalandırılması və dezinfeksiyaedici vasitələrdən düzgün istifadə ilə bağlı tövsiyələrini bölüşüb.

Mütəxəssisin sözlərinə görə, gündəlik həyatda sadə gigiyena qaydalarına əməl olunması bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasına kömək edir. Çirkli əllər, təhlükəsiz olmayan su və qidalar, eləcə də təmiz saxlanılmayan məişət əşyaları infeksiyaların yayılmasında mühüm rol oynaya bilər.

Əllərin sabunla yuyulması, meyvə-tərəvəzlərin istifadədən əvvəl təmizlənməsi, qidaların düzgün hazırlanması və saxlanılması, məişət səthlərinin təmizliyinə diqqət yetirilməsi salmonellyoz, şigellyoz, rotavirus infeksiyası və hepatit A kimi xəstəliklərə yoluxma riskini azaldır.

Qrip və digər kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün də gigiyena qaydaları vacibdir. Öskürərkən və asqırarkən ağız-burunun örtülməsi, əllərin təmiz saxlanılması və qapalı məkanların mütəmadi havalandırılması yoluxma ehtimalını aşağı sala bilər.

Qapalı məkanlarda hava keyfiyyətinə diqqət yetirilməlidir

Yaşayış və iş yerlərində havanın uzun müddət dəyişməməsi tozun, kifin və digər qıcıqlandırıcı maddələrin toplanmasına şərait yarada bilər. Bu isə xüsusilə allergiyaya həssas insanlarda asqırma, burun tutulması, burun axması, gözlərdə qaşınma və sulanma kimi əlamətləri gücləndirə bilər.

Aygün İsmayılova məkanların müntəzəm havalandırılmasının həm havanın keyfiyyətinin qorunması, həm də respirator infeksiyaların ötürülmə riskinin azaldılması baxımından əhəmiyyətini vurğulayıb.

Tozun nəm üsulla silinməsi, yataq dəstlərinin vaxtında dəyişdirilməsi, kif və nəmlik mənbələrinin aradan qaldırılması allergenlərin təsirini azaltmağa kömək edir. Təmizlik zamanı kəskin qoxulu kimyəvi vasitələrdən həddindən artıq istifadə edilməməsi də vacibdir. Belə maddələr tənəffüs yollarını qıcıqlandıra, həssas insanlarda narahatlıq yarada bilər.

Dezinfeksiyaedici vasitələrin çoxluğu təmizliyin göstəricisi deyil

Məişətdə tez-tez yol verilən səhvlərdən biri bütün səthlərin davamlı olaraq kimyəvi vasitələrlə dezinfeksiya edilməsidir. Halbuki adi şəraitdə bir çox səthin nəm üsulla təmizlənməsi kifayət edir. Dezinfeksiya isə yoluxucu xəstəlik zamanı və ya yoluxma riskinin yüksək olduğu hallarda daha məqsədəuyğun ola bilər.

Mütəxəssis bildirir ki, dezinfeksiyaedici və təmizləyici vasitələrdən normadan artıq istifadə dəridə quruluq və qıcıqlanma, gözlərdə narahatlıq, eləcə də tənəffüs yollarında problemlər yarada bilər. Bəzi hallarda dəri ilə təkrarlanan təmas allergik kontakt dermatitə də səbəb ola bilər.

Bu səbəbdən kimyəvi məhsullardan istifadə edərkən onların təlimatlarına əməl edilməli, otaqlar havalandırılmalı, zərurət yarandıqda qoruyucu əlcəklərdən istifadə olunmalıdır. Xüsusilə xlor tərkibli vasitələri digər təmizləyicilərlə qarışdırmaq olmaz. Belə qarışıqlar təhlükəli qazların yaranmasına səbəb ola bilər.

Mətbəxdəki bir səhv qida zəhərlənməsi ilə nəticələnə bilər

Qida məhsullarının düzgün saxlanılmaması, kifayət qədər bişirilməməsi və çiy məhsulların hazır yeməklərlə təmasda olması mədə-bağırsaq infeksiyalarının yaranması üçün əlverişli şərait yaradır. Mətbəx səthlərinin və qabların təmizliyinə riayət edilməməsi də qida vasitəsilə yoluxma riskini artırır.

Belə hallarda salmonellyoz, şigellyoz, kampilobakterioz, stafilokok mənşəli qida zəhərlənmələri və botulizm kimi təhlükəli xəstəliklər meydana çıxa bilər. Buna görə ət, yumurta, süd məhsulları və tez xarab olan digər qidaların saxlanma şəraitinə, istifadə müddətinə və hazırlanma qaydalarına xüsusi diqqət yetirilməlidir.

Qida təhlükəsizliyinin qorunması üçün çiy və hazır məhsulların hazırlanmasında ayrı kəsmə taxtası və bıçaqlardan istifadə edilməsi, meyvə-tərəvəzlərin yaxşı yuyulması, yeməklərin kifayət qədər bişirilməsi vacibdir. Həmçinin, qida hazırlamazdan əvvəl və sonra əllər sabunla yuyulmalı, mətbəxdə istifadə olunan səthlər təmiz saxlanılmalıdır.

Uşaqlara gigiyena vərdişləri erkən yaşlardan öyrədilməlidir

Gigiyena qaydalarının uşaqlara kiçik yaşlardan aşılanması onların sağlamlığının qorunmasına və şəxsi məsuliyyət hissinin formalaşmasına kömək edir. Əllərin düzgün yuyulması, dişlərin müntəzəm təmizlənməsi, dırnaqların vaxtında tutulması və şəxsi əşyalardan düzgün istifadə gündəlik vərdişlərə çevrilməlidir.

Valideynlər uşaqlara yeməkdən əvvəl və sonra, küçədən evə qayıtdıqda, eləcə də heyvanlarla təmasdan sonra əllərini sabunla yumağı öyrətməlidirlər. Öskürmə və asqırma zamanı ağız-burunun salfetlə və ya dirsəyin iç tərəfi ilə örtülməsi də uşaqlara izah edilməlidir.

Bu vərdişlər təkcə fərdi sağlamlıq üçün deyil, məktəblərdə və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısını almaq baxımından da əhəmiyyətlidir.

Mütəxəssisin yanaşmasına görə, uşaqlara gigiyena qaydaları məcburiyyət kimi deyil, gündəlik həyatın təbii hissəsi kimi öyrədilməlidir. Valideynlərin öz davranışları ilə nümunə göstərməsi və qaydaları yaşa uyğun şəkildə izah etməsi uşaqların bu vərdişləri daha asan mənimsəməsinə şərait yaradır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada