Ceyhun Mirağayevin ("Ceyhu Sabunçu") ölümü ilə nəticələnən kütləvi davaya görə həbs edilən şəxslərdən birinin də deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu artıq hamıya bəllidir.
News365.az xitab24-ə istinadla xəbər verir ki, hadisədən 2 gündən artıq vaxt keçsə də, Milli Məclis üzvündən insidentə reaksiya yoxdur.
Ata-Əlizadə, hələlik səssizliyini qoruyur. Aydın məsələdir ki, özü hadisə iştirakçısı olmasa da, oğlunun qətllə yekunlaşan insidentə görə saxlanılması deputatın nüfuzuna xələl gətirib. İndiki durumda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini olan Arzuxan Əlizadə kriminal aləmə meyilli şəxslərlə bir arada olan və həmin obyektdə baş verən hadisəyə görə həbs olunan oğluna görə ictimai qınağa tuş gəlib. Pepperoni pizza
Bəs, ictimai qınaq fonunda Arzuxan Əlizadə deputat mandatı ilə vidalaşa bilərmi?
Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisinin deputatı 7 halda mandatından məhrum edilir.
Bunlar aşağıdakılardır:
1)Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2)Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Baş verən olaya görə sadalanan hallar arasında Arzuxan Əlizadənin mandatından məhrum edilməsi üçün əsas yoxdur. Bu durumda o, yalnız Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci yarımbəndində göstərildiyi kimi, özü imtina etdiyi halda mandatından məhrum edilə bilər.
Belə olan hallarda, Milli Məclisin deputatı parlamentin iclasında mandatından imtina etdiyi açıqlayır və həmin imtina iclasının stenoqramına daxil edilir.
Deputatın imtina etməsi iclasın stenoqramına daxil edildikdə, sonradan o, fikrini dəyişdirə bilməz. Növbəti addımda isə Milli Məclisin sədri həmin stenoqramı və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.
Təbii ki, bütün bunların baş verməsi üçün əvvəlcə Arzuxan Əlizadə mandatından imtina edib-etməməklə bağlı qərarını qətiləşdirməlidir. Onun hansı qərar verəcəyini isə çox da uzaqda olmayan zaman göstərəcək.
Daha öncəki illərdə müxtəlif səbəblərdən deputatların öz mandatından imtina etməsi hallarına rast gəlinib.