“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Belə tədbirlərin ölkəmizdə keçirilməsi ənənəvi hal alıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan dövlətdir. Eyni zamanda, inkişaf, ictimai-siyasi sabitlik və digər pozitiv amillər beynəlxalq birliyin seçimində Azərbaycanın üzərində dayanmasını şərtləndirir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.

Onun
sözlərinə görə, 27-28 oktyabr tarixlərində Bakı növbəti mötəbər beynəlxalq tədbirə
ev sahibliyi edəcək. Belə ki, həmin tarixlərdə paytaxtımızda İslam
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə
aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü
keçiriləcək. Tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla,
ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Bu təmsilçilik səviyyəsi
tədbirin İƏT məkanında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlığın inkişafı
üçün əhəmiyyətli beynəlxalq platforma olduğunu göstərir.
Deputat
bildirib ki, tədbirin Azərbaycanda keçirilməsinin səbəblərindən biri də
ölkəmizdə korrupsiyaya qarşı güclü mübarizənin aparılmasıdır. Əminliklə
söyləmək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində
mütəşəkkil və kompleks yanaşma əsasında aparılır. Nəzərə alaq ki,
ölkəmizdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” icra olunur. Eyni zamanda, bu
istiqamətdə bir sıra qanunlar qəbul olunub. Korrupsiyaya qarşı mübarizədə əsas
rolu isə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Komissiyası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi
oynayır.
Millət
vəkilinin fikrincə, belə bir nüfuzlu tədbirin Bakıda keçirilməsi dövlətimizin
növbəti uğurudur: “Lakin Azərbaycanın uğurlarına sevinməyənlər də var. Hər şeyi
qara rəngdə görməyə adət etmiş radikal müxalifət İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə
orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bakıda keçirilməsinı
qıcıqla qarşılayır. Onlar iddia edir ki, guya ölkəmizdə korrupsiyanın səviyyəsi
yüksəkdir və bu səbəbdən belə tədbir Bakıda keçirilməməlidir. Amma gəlin
görək radikallar bu iddialarla çıxış edəndə hansı beynəlxalq hesabatlara
əsaslanırlar? Onların “istinad” mənbəyi yalnız xaricdəki anti-azərbaycançı
mərkəzlər, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən qurumlardır. Buna
görə də, belə iddiaların heç bir əsası yoxdur. Əksinə, dünyanın nüfuzlu
təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutlarının hesabatlarında
Azərbaycanda şəffaflıq yüksək dəyərləndirilir. Bir sözlə, hər bir vətənpərvər
azərbaycanlı ölkəmizin uğurlarına sevinməlidir”.