“Ata, sən ala bilmədiyin torpağı gör oğlun necə alacaq!” – Şəhid Qələndərin son arzusu

“Ata, sən ala bilmədiyin torpağı gör oğlun necə alacaq!” – Şəhid Qələndərin son arzusu
11:40


                                                 HƏRBİ XİDMƏTƏ YOLLANANDA ELƏ SÖZLƏR DEMİŞDİ Kİ...


                                             Valideynləri nə heyrətlərini gizlədə bilmişdilər, nə də təəccüblərini

44 günlük Vətən müharibəsində Böyük Zəfərin qazanılmasında yüksək döyüş ruhu, qorxmazlığı və şücaəti ilə fərqlənmiş, torpaqlarımızın azadlığı yolunda şəhidlik zirvəsinə ucalmış Qələndər Nofəl oğlu Alıyev

O, 2001-ci il oktyabrın 31-də Bakının Nizami rayonunda doğulub. Sabunçu rayonundakı  170 saylı məktəbdə natamam orta təhsil alıb. Daha sonra təhsilini peşə liseyində davam etdirib. 

Kiçik yaşlarından idmana böyük maraq göstərib. Kikboksinqlə müntəzəm məşğul olub. Yüksək idmançı keyfiyyətləri qısa müddətdə Qələndər Alıyevi yarış meydanlarına çıxarıb. Ən maraqlısı və heyrət doğuran fakt odur ki, Qələndər iştirak etdiyi yarışların hamısını, demək olar ki, qələbə ilə bitirib. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən birinciliklərdə dəfələrlə çempionluğa yüksəlib. 

Bütün bu fiziki keyfiyyətləri ilə, ilk baxışda bəlkə də uyuşmayan qəribəlikləri də vardı Qələndərin. Bunların içərisində ən qəribəsi onun  çox sakit təbiətli olması idi. 

   


 

Sevda ana: "İstiqanlı, üzüyola uşaq idi. Bir yerə yüz dəfə də göndərsən, gedərdi. Bir də həddən artıq kövrəkliyi vardı. Bu da onun qəlbinin həssaslığından irəli gəlirdi. Heç vaxt kimsənin qəlbinə dəyməzdi. Bir də ki, şəkil çəkdirməkdən heç xoşlanmazdı. Ona çox təəssüflənirəm. Baxıb nələrisə xatırlamağa çox az şəkli var."

 

Qələndər evin tək oğul övladı idi. Bakıdakı 17 nömrəli Peşə liseyində "Neft və qazşıxarma operatorluğu" ixtisasına yiyələnmişdi.  Amma daha çox idmana həvəsi vardı və bundan xüsusi zövq alardı. Vaxtını daha çox idmana həsr edərdi. Ən böyük arzusu gələcəkdə idman müəllimi olmaq idi. 


 Valideynləri sonradan bildilər ki, fiziki cəhətdən güclü, tərbiyəli, həssas qəlbli yeganə oğul övladlarının qəlbində idmançı olmaqdan da üstün, ülvi, müqəddəs duyğularla dolu bir arzusu da varmış. Qələndərin həqiqi hərbi xidmətə yola salındığı vaxt  bu "sirr"in üstü açıldı.  

...Əsgər gedəndə geri dönüb son dəfə atasına baxdı və qəfil qəribə, amma çox qürurlu ahənglə dedi: "Ata, sən ala bilmədiyin torpağı gör oğlun necə alacaq!" Valideynləri bu qəfil sözdən nə qədər fərəhlənsələr də, gerçəkliyin alatoranlığınsda oğullarının dedikləri onlarda bir qədər çaşqınlıq yaratdı. Sadəcə, bir-birinə baxıb astadan gülümsündülər. "Uğuruna xeyir"- deyəndən sonra ümidinin arxasınca boylanan Nofəl kişinin çöhrəsindəki gülüşə nə vaxt işıq düşdüyündən xəbəri olmadı. Bir anlığa elə bildi ki, oğlunun bu hünərli sözlərindən, hərbi xidmətə ürəkli gedişindən gözünün kökü saralmış yurd yerlərimiz aydınlığa büründü. Fərəhdən köksü qabardı.  

Təmas xəttində o vaxt nisbi sakitlik idi- tarixin təqvimi 2020-ci ilin yanvarın 8-ni göstərirdi. Tezliklə müharibənin başlayacağı heç kimin ağlına gəlmirdi. Amma Nofəl kişi müharibə veteranı kimi düşmənin xislətinə bələd idi. Bilirdi ki, dinc dayanmayacaq, gec-tez yeni təxribatlara əl atacaq. Bunun bədəlinin onlara daha ağır başa gələcəyi fikri bu dəfə də ona rahatlıq verdi.    


Qələndərin atası Tovuz rayonunun Mülklü kəndindəndir. O, Birinci Qarabağ müharibəsinin könüllüsü olub. Tovuzun Koxa Nəbi, Əlibəyli, Ağdam və başqa kəndlərinin müdafiəsində fəal iştirak edib.  

Həmin vaxt əmisi Afər də könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əfsanəvi komandir, Milli Qəhrəmanımız Əliyar Əliyevlə çiyin-çiyinə erməni quldur dəstələrinə qarşı döyüşüb.  Kiçik yaşlarından Qələndərin qəlbinə köçən müqəddəs Vətən duyğusu, yurd sevgisi kökdən gələn əmanət idi. O əmanət ki, min illərdir qorunur, nəsildən-nəsilə ötürülür.  

 

...Oktyabrın 4-də üç dəfə zəng vurur. Valideynlərilə danışır. Bir-birlərindən əhval tuturlar. Telefonda qəfil eşitdiyi top səsindən anası diksinir. Tez oğlundan harada olduğunu soruşur. Qələndər gizlətmir, döyüşdə olduğunu bildirir. Anası nə qədər təkid etsə də hansı istiqmətdə döyüşdüklərini demir. 

Oğlu ilə telefon danışığında döyüş meydanından gələn səsin vahiməsi Sevda ananın bir an da olsun rahat buraxmır. Narahatçılığı onun əlindən tutub oğlunun sorağına çıxmağa məcbur edir. Həyat yoldaşı ilə döyüş bölgəsinə yaxın olan rayonlara üz tuturlar. Axtarmadıqları yer qalmır. Elə yerlər olur ki, 2 dəfə, hətta 3 dəfə ora getməli olurlar. Güman etdikləri, əlləri çatacaq yerlərin hamısını ələk-vələk edirlər. Xəstəxanalarda, hospitallarda övladlarından bir nişanə, bir səs-soraq görüb-eşitmək istəyirlər. Müalicə olunan yaralı döyüşçülərimizdən övladlarını soraqlayırlar. "Gördüm" deyən olmur. Sonda dərdin yedəyində, minbir güman içində, kor-peşiman Bakıya dönürlər.  

Qələndər Nofəl oğlu Alıyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Talış-Suqovuşan istiqamətində döyüşüb. Uzun illərdir işğal altında qalan torpaqlarımızı düşməndən azad etdikcə daha da mətinləşib. Tezliklə yurd yerlərimizin hər yerində üçrəngli bayrağımızın dalağalanacağına ümidləri artib.  Erməni işğalçılarına qarşı daha əzmlə, daha cəsarətlə döyüşüb.   

Böyük Zəfəri qazanacaqları günü görmək bütün döyüşçülərimiz kimi Qələndərin də ən böyük arzusu idi. Bu arzu onu döyüş meydanında daha cəsarətli edirdi. Ötən hər an, hər dəqiqə, hər gün onu arzusuna yaxınlaşdırırdı. 

Qələndər Alıyevin son döyüşü 2020-ci il oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində oldu. Bu dəfə də silah qardaşları ilə çiyin-çiyinə qızğın savaşın  içindən keçirdi. İgid oğullarımız Suqovuşan kəndini azad etməklə daha bir qəhrəmanlıq nümunəsi göstərmək əzmində idilər. Əfsuslar olsun ki, bu döyüş də itkisiz ötüşmədi. Şəhidlik məqamına yüksələnlərin sırasında cəsur, mərd Vətən oğlu Qələndər Nofəl oğlu Alıyev də vardı. 

...Noyabr ayının 27-si idi. Axşam düşmüşdü. Gün işığı əl-ayağını şəhərdən yenicə çəkmişdi. Küçədən gələn səslər, ötən adamların danışıqları azalmışdı. Qaranlığın zəhmindən çox ailələrdə olduğu kimi, Alıyevlərin evində də divarların gətirdiyi sıxıntılar getdikcə artırdı. Nofəl kişi də, Sevda ana da bir yerdə qərar tuta bilmirdilər. Oğullarından hələ də bir xəbər yox idi. Fikr-xəyalları yüz yerə dolanırdı. Otaqdakı səssizliyin içində ümidləri sanki məngənə içində boğulur, getdikcə taqətdən düşürdü. 

Qəfil zəng səsi bayaqdan mənzili bürüyən sükutu yarıb keçdi.

Nofəl kişi cəld telefonu götürdü. 

-Bəli. 

Zəng Müdafiə Nazirliyindən idi.  

-Alıyev Qələndərin atasısınız?   

-Mənəm, eşidiriəm sizi. 

Qarşı tərəf sözlərinə ani fasilə verdi.

-Nofəl kişi?

-Bəli, bəli. Nə xəbər var oğlumdan? 

Sevda ana bu ani səssizlikdən duyuq düşdü. Elə bil çölün qaranlığı qəfildən evə doluşdu. Bir anın içində gözlərinə çökdü. Ürəyini sardıqca nəfəsi daraldı.  

Nofəl kişi özünü toxtadıb deyiləcək xəbərə özünü hazırladı. Yaşadığı müharibə dəhşəti, sağalmayan yaraların acısı ona tanış idi. Hətta bu ağrılar illər ötsə də hələ də canından çıxmamışdı. 

Nə düşündüsə, telefonu bir qədər də qulağına sıxdı: 

-Eşidirəm sizi. Deyin görək uşaqdan nə xəbər?

Ağrılı, kədərli səs elə bil Sevda ananın eşitməməsi üçün yavaşca, həm də sözlərinə ara verə-verə davam etdii:

-Sizin oğlunuz Vətənimizin azadlığı uğrunda şəhid olub. 

Sonra...   

Vətən müharibəsi şəhidi Qələndər Nofəl oğlu Alıyev noyabrın 28-də Bakının Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olundu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Qələndər Alıyev ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.

          Nazim Əlifov 

P.S. Valideynlərinin hələ də qulaqları səsdə, gözləri yoldadır: Onlar Qələndərin silah yoldaşları içərisində sağ qalanların bir gün Alıyevlər ailəsinin qapısını döyəcəyinə, döyüşçü qardaşlarından övladları haqqında canlı xatirələr eşidəcəklərinə inanırlar. 













 



Sizin reklam burada
Sizin reklam burada