Şəhid anasının Vətən sevgisi dillər əzbəri oldu: “O biri balalarım da qurban olsun Vətənə!”

Şəhid anasının Vətən sevgisi dillər əzbəri oldu: “O biri balalarım da qurban olsun Vətənə!”
13:55

1992-ci ildə Ağdərədə döyüşlərdə şəhid olan rejissor Vaqif Əhmədovun qəhrəmanlığı və anasının Vətən sevgisini ifadə edən sözləri yenidən gündəmə gəlib. Jurnalist Azər Rəşidoğlu sosial şəbəkədə paylaşım edərək şəhidin son döyüşü və ailəsinin yaşadığı ağır anlarla bağlı xatirələrini bölüşüb.

Azər Rəşidoğlu paylaşımında bildirib ki, Vaqif Əhmədov 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə misilsiz igidlik göstərərək şəhid olub. Onun sözlərinə görə, şəhidin cənazəsi Bakıya dəmir tabutda gətirilib və tabutun açılmaması məsləhət görülüb.

Jurnalist qeyd edib ki, həmin döyüşdə iştirak edən tələbə yoldaşının danışdıqlarına əsasən, Vaqif Əhmədov son gülləsinə qədər vuruşub. Güllələri tükəndikdən sonra ağır yaralı vəziyyətdə erməni hərbçilərinin yaxınlaşdığını görərək özünü ölü kimi göstərib. Qarşı tərəf ona yaxınlaşanda isə qumbaranı partladıb. Rəşidoğlu bu hadisə zamanı şəhidin bir neçə erməni hərbçisini də öldürdüyünü yazıb.

Paylaşımda şəhidin ailəsinin yaşadığı ağrılı anlar da xatırlanıb. Azər Rəşidoğlu bildirib ki, Vaqif Əhmədovun valideynləri cənazə Şəhidlər xiyabanına gətiriləndə oraya çatıblar. Ailəsinə əvvəlcə onun yaralı olduğu deyilib, ölüm xəbəri isə gizlədilib.

Jurnalistin sözlərinə görə, həqiqəti Şəhidlər xiyabanında anlayan ana ürəkdağlayan bir cümlə işlədib:

“Oğlum şəhid oldu, o biri balalarım da qurban olsun Vətənə!”

Azər Rəşidoğlu paylaşımında bu sözləri xatırladaraq şəhid ailələrinin yaşadığı ağrıya və Azərbaycan xalqının Vətən uğrunda fədakarlığına diqqət çəkib.

“Biz həmin millətik, bizi aşağılamayın!” – deyə jurnalist paylaşımını yekunlaşdırıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada