“Azərbaycanla Türkiyə ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında bir-birinə bağlı olan dost və qardaş ölkələrdir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Lakin müəyyən qüvvələr iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa çalışırlar. Bir müddət öncə BMT Baş Assambleyasında hadisələrlə bağlı Türkiyənin sosial mediasında Azərbaycan hədəfə alınması, sonra isə Nazirlər Kabineti tərəfindən ümumtəhsil məktəblərində təhsilalan və təhsilverənlər üçün vahid geyim qaydasının tətbiqi ilə əlaqədar kampaniyanın aparılması bunun göstəricisidir. Təəssüf doğuran haldır ki, belə kampaniyalara təkcə sosial şəbəkə istifadəçiləri deyil, rəsmi şəxslər və millət vəkilləri də prosesə qoşuldular. Onların arasında Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral da var idi.
Deputat bildirib ki, Türkiyənin rəsmi şəxslərinin də Azərbaycana qarşı kampaniyalara qoşulması cəmiyyətimizdə haqlı narazılıq doğurmuşdu. Artıq Oktay Saral vəzifəsindən azad olunub. Qərar onun Azərbaycanla bağlı səsləndirdiyi açıqlamanın doğurduğu narazılıqla əlaqəlidir. Oktay Saralla bağlı məsələ bir daha göstərir ki, Azərbaycan öz dövlətçilik prinsiplərinə, hüquqi normalara və suveren qərarvermə hüququna münasibətdə qətiyyətli mövqe tutur. Rəsmi Bakının siyasətində əsas meyar şəxslərin kimliyi, siyasi əlaqələri və ya hansı ölkəni təmsil etməsi deyil, qanunun aliliyi, qarşılıqlı hörmət və milli maraqlara münasibətdir. Azərbaycan üçün dostluq və qardaşlıq münasibətləri böyük əhəmiyyət daşıyır. Lakin bu münasibətlər heç bir halda ölkəmizin daxili işlərinə müdaxilə etmək, onun suveren hüquqlarını şübhə altına almaq və ya qərarlarına kənardan təsir göstərmək cəhdlərinə haqq qazandıra bilməz.
“Azərbaycan Türkiyə ilə münasibətlərini strateji müttəfiqlik, ortaq tarix, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf etdirir. Ancaq əsl qardaşlığın mahiyyəti tərəflərdən birinin digərinin iradəsinə təsir göstərməsində deyil, hər iki dövlətin suverenliyinə və müstəqil qərarlarına hörmətlə yanaşılmasındadır. Bu baxımdan, Oktay Saral və onun timsalında Azərbaycanın daxili məsələlərinə müdaxilə etməyə çalışan bütün siyasi dairələr anlamalıdırlar ki, Bakı ilə münasibətlərdə təzyiq və diktə dili nəticə verməyəcək. Azərbaycan heç bir dövlətlə münasibətlərini qarşıdurma üzərində qurmaq niyyətində deyil, lakin milli maraqlarını və hüquqi mövqeyini qorumaq məsələsində də güzəştə getmir və getməyəcək” – deyə millət vəkili qeyd edib.