Etibar Əliyevdən universitet müəllimlərinə sərt mesaj

Etibar Əliyevdən universitet müəllimlərinə sərt mesaj
13:16

Təhsil eksperti Etibar Əliyev universitet müəllimlərini tədris metodlarını yeniləməyə, tələbələrə müasir elmi biliklər aşılamağa və elmin populyarlaşdırılmasına daha çox diqqət yetirməyə çağırıb. O, ali təhsildə yeniliklərin tətbiqinin vacibliyini vurğulayaraq müəllimlərin öz üzərində işləməməsinin gələcək nəsillərin bilik səviyyəsinə mənfi təsir göstərdiyini bildirib.

Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert universitet müəllimlərinin kitab sərgilərində iştirakına diqqət çəkərək bildirib ki, kitablarla şəkil çəkdirmək kifayət deyil, əsas məsələ həmin nəşrlərin tələbələrə çatdırılması və onlarda elmə marağın yaradılmasıdır.

O, mart ayından etibarən şəhər mərkəzindəki kitab mağazalarından birinə müraciət etdiyini, tələbələr üçün maraqlı və elmi motivasiyanı artıran kitabların görünən yerlərdə yerləşdirilməsini xahiş etdiyini qeyd edib. Mağazanın bu xahişi yerinə yetirdiyini bildirən ekspert həmin kitablara səkkiz ay ərzində maraq göstərilməməsindən narazılığını ifadə edib.

“Tələbələrə saralmış vərəqlərdən dərs deməyə son qoyun!” – deyə Etibar Əliyev çağırış edib.

Ekspertin fikrincə, tələbələrin lazımi biliklər qazanmamasını və elmə maraq göstərməməsini yalnız onların özləri ilə əlaqələndirmək düzgün deyil. Müəllimlər də daim öz biliklərini yeniləməli, elmi və təhsil sahəsindəki yenilikləri izləməli, müasir yanaşmaları tədris prosesinə tətbiq etməlidirlər.

Etibar Əliyev düşüncə və dünyagörüşünün formalaşmasında fəlsəfənin roluna da toxunub. O, düşüncə elmi hesab etdiyi fəlsəfənin ali məktəblərdən kənarlaşdırılmasını tənqid edərək elmin populyarlaşdırılması istiqamətində görülən işlərin yetərli olmadığını vurğulayıb.

“Elmin populyarlaşdırılması işi ‘sıfır’ səviyyəsindədir”, – deyə ekspert paylaşımında bildirib.


Sizin reklam burada
Sizin reklam burada