Dünyada radikal sağ düşüncələrin gücləndiyi, cəmiyyətlər arasında dini və mədəni fərqliliklərin bəzən qarşıdurma predmetinə çevrildiyi bir vaxtda Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq diqqət çəkən modellərdən biri kimi təqdim olunur. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu isə fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini bir daha gündəmə gətirir.
Politoloq Tural İsmayılov bu barədə News365.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq müstəvidə dialoq və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir.

Onun sözlərinə görə, forum çərçivəsində səsləndirilən fikirlər mədəniyyətlər arasında qarşılıqlı hörmətin, bərabərliyin və birgəyaşayış prinsiplərinin qorunmasının vacibliyini ön plana çıxarır.
Politoloq qeyd edib ki, Azərbaycan bu gün multikultural dəyərlərin qorunduğu məkan kimi tanınır. Onun fikrincə, xüsusilə insan hüquqları və bərabərlik məsələlərinin müzakirə olunduğu bir dövrdə müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasına nail olmaq mühüm əhəmiyyət daşıyır.
Tural İsmayılov Azərbaycanın multikulturalizm modelinin yalnız mədəni müxtəlifliklə məhdudlaşmadığını, eyni zamanda cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə də xidmət etdiyini vurğulayıb. O bildirib ki, vətəndaş həmrəyliyi dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın və möhkəm əlaqələrin formalaşmasında mühüm rol oynayır.
Politoloqun qənaətinə görə, bu həmrəylik Azərbaycanın yaxın tarixində də özünü göstərib. O, 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə cəmiyyətin nümayiş etdirdiyi birliyi buna nümunə kimi göstərib.
İsmayılov əlavə edib ki, Prezident İlham Əliyevin forum çərçivəsində Azərbaycanın multikulturalizm modelinin sivilizasiyalararası dialoqa verdiyi töhfələrə diqqət çəkməsi ölkənin beynəlxalq əməkdaşlıq istiqamətindəki yanaşmasının əhəmiyyətini göstərir.
Politoloq hesab edir ki, mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və ölkənin müxtəlif mədəniyyətlər arasında anlaşma platforması kimi tanınmasına töhfə verir.