Avtomobil bazarında bütün nəqliyyat vasitələrinə tələbat eyni deyil. Mühərrik həcmi kiçik və ekoloji təmiz avtomobillərə maraq müəyyən qədər qorunsa da, köhnə və böyük mühərrikli maşınların satışı getdikcə çətinləşir. Xüsusilə yaşı 15 ildən çox olan avtomobillərini satmaq istəyənlər bəzən aylarla alıcı gözləməli olurlar.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev hesab edir ki, hazırkı vəziyyəti bütün avtomobil bazarında durğunluq kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, rəsmi idxal kanalları ilə ölkəyə gətirilən avtomobillərin satışında ciddi dayanma müşahidə olunmur, satışların dinamikası bazarın ümumi tempinə uyğun dəyişir.
Paralel idxalla gətirilən avtomobillərə maraq azalır
Eyyub Əliyev bildirib ki, əsas problemlərdən biri əvvəlki illərdə qeyri-rəsmi yollarla idxal edilərək fiziki şəxslərin adına rəsmiləşdirilən avtomobillərin satışında yaranıb. Bu avtomobillərin bir hissəsi sonradan bazara çıxarılmaq məqsədilə gətirilsə də, qiymət siyasətindəki qeyri-müəyyənlik və alıcıların etimadının azalması satıcıları çətin vəziyyətə salıb.
Onun sözlərinə görə, bəzi şəxslər investisiya yatırdıqları avtomobilləri gözlədikləri qiymətə sata bilmədikləri üçün onları daha ucuz qiymətə bazara çıxarmağa və bu fəaliyyətdən uzaqlaşmağa məcbur olublar.
Assosiasiya rəhbəri qeyd edib ki, hazırda paralel idxal yolu ilə, yəni fərdi şəxslər vasitəsilə ölkəyə gətirilən avtomobillərə maraq da azalıb. Alıcıların bu sahədə bəzi hallarda yanlış məlumatlarla və ədalətsiz münasibətlə üzləşməsi onların fərdi idxalçılara etibarını zəiflədib.
Böyük mühərrikli avtomobillərin qiyməti aşağı düşür
Eyyub Əliyevin fikrincə, avtomobil bazarında əsas durğunluq ikinci əl nəqliyyat vasitələrinin satışında hiss olunur. Xüsusilə mühərrik həcmi böyük olan avtomobillərin qiymətlərində enmə müşahidə edilir. Bu tendensiyanın isə 2025-ci ilin əvvəlindən başladığı bildirilir.
AADA İdarə Heyətinin sədri xatırladıb ki, ötən il ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər dövründə ikinci əl avtomobillərin bəzi kateqoriyalarında qiymətlər 40-45 faizədək azalmışdı.
Onun sözlərinə görə, 2026-cı ilin yanvarından güzəşt müddəti başa çatdıqdan sonra bəzi avtomobillər əvvəlki qiymətlərinin bir hissəsini bərpa edib. Təxminən 30-35 faizlik bahalaşma müşahidə olunsa da, bu dəyişiklik bütün avtomobillərə şamil edilmir. Qiymət artımı əsasən mühərrik həcmi kiçik olan nəqliyyat vasitələrində qeydə alınıb.
15 ildən köhnə avtomobilləri satmaq çətinləşib
Müsahibin sözlərinə görə, hazırda bazarda ən çətin satılan avtomobillər arasında yaşı 15 ildən çox olan və mühərrik həcmi böyük nəqliyyat vasitələri xüsusi yer tutur. Belə avtomobillərin satışının aylarla uzanması səbəblərindən biri utilizasiya məsələsi ilə bağlı gözləntilərdir.
Eyyub Əliyev bildirib ki, sürücülər köhnə avtomobillərin gələcəkdə utilizasiyaya verilməsi ehtimalını nəzərə alaraq bu cür nəqliyyat vasitələrini almağa daha ehtiyatla yanaşırlar. Nəticədə həmin avtomobillərə tələbat azalır, satış müddəti uzanır və qiymətlərə təzyiq artır.
AADA rəhbəri hesab edir ki, Azərbaycanın 2060-cı ilədək tam elektrikləşmə hədəfi ilə bağlı qərar da uzunmüddətli perspektivdə avtomobil bazarına təsir göstərə bilər. Onun qənaətinə görə, qarşıdakı dövrdə köhnə avtomobillərin dəyəri daha da azala, bu nəqliyyat vasitələrinin bazardakı payı isə tədricən darala bilər.