Politoloq Azər Rəşidoğlu kitab oxumaqla bağlı inanclı insanlara münasibətdə formalaşan stereotipləri tənqid edib. O bildirib ki, mütaliəni insanın dini baxışları ilə əlaqələndirmək düzgün deyil və kitab oxumaq heç bir dünyagörüşünün inhisarında ola bilməz.
Azər Rəşidoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Politoloq bəzi ateistlərin inanclı insanların mütaliəsinə şübhə ilə yanaşmasını sual altına alaraq kitab oxumağın insanın dini etiqadı ilə ölçülməməli olduğunu vurğulayıb.
O, özünün uşaqlıqdan mütəmadi kitab oxuduğunu, müxtəlif dünyagörüşlərini əks etdirən əsərlərə maraq göstərdiyini qeyd edib. Rəşidoğlu hətta əməliyyatdan cəmi iki saat sonra kitab oxuduğunu, həmin vaxt Fridrix Nitsşenin əsərinə müraciət etdiyini bildirib.
Politoloqun fikrincə, kitab oxumaq nə ateist olmağı, nə də dini inanclardan imtina etməyi tələb edir. Əsas məsələ insanın fərqli fikirlərə açıq olması, düşünməsi və müxtəlif baxışları anlamağa çalışmasıdır.
Rəşidoğlu paylaşımının sonunda bu fikirləri bir ateist şairin Kitab sərgisinə münasibətinə cavab olaraq yazdığını açıqlayıb. O, bəzi insanların kitab sərgilərinə belə öz dünyagörüşlərinin məhdud çərçivəsindən yanaşdığını bildirib.