Paşinyan üçün seçim: daxili siyasi maraqlar, yoxsa Azərbaycanla sülh?

Paşinyan üçün seçim: daxili siyasi maraqlar, yoxsa Azərbaycanla sülh?
14:10

Ermənistanda daxili siyasi mübarizənin sərtləşməsi və müxalifətə qarşı səsləndirilən ittihamlar regionda sülh perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. İrəvan hakimiyyətinin daxili problemlərə yanaşması, eləcə də xarici siyasətdə Rusiya ilə Qərb arasında yürütdüyü xətt Azərbaycanla sülh sazişinin gələcəyinə də təsir göstərə biləcək amillər sırasındadır.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın seçki nəticələrindən siyasi rəqiblərinə qarşı istifadə etməsi ölkədəki real iqtisadi və sosial problemləri arxa plana keçirmək cəhdi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, müxalifətin casusluqda ittiham edilməsi və siyasi rəqiblərin hədəfə alınması Ermənistanda avtoritar meyllərin güclənməsi ilə bağlı narahatlıqları artırır. Paşinyan hökumətinin daxili çətinliklər fonunda xarici düşmən obrazına və ya ölkə daxilindəki “beşinci kolon” iddialarına müraciət etməsi cəmiyyətdəki diqqəti əsas problemlərdən yayındıra bilər.

Politoloqun fikrincə, əsas risk bu proseslərin Ermənistanın xarici siyasətinə və Azərbaycanla münasibətlərinə təsir göstərməsidir. Daxili siyasi mübarizədən qazandığı üstünlüyə arxalanan Paşinyan hökuməti regionda sülh gündəliyini ikinci plana keçirməməlidir.

Qabil Hüseynli hesab edir ki, yaxınlaşan parlament seçkiləri və konstitusiya islahatları Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirmək üçün bəhanəyə çevrilməməlidir. Onun qənaətinə görə, İrəvanın Moskva ilə Qərb arasında manevr etməsi də Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə mənfi təsir göstərə bilər.

Politoloq vurğulayıb ki, Ermənistan rəhbərliyi daxili siyasi maraqlarla regional təhlükəsizlik məsələlərini bir-birindən ayırmalı, seçki nəticələrini şəxsi hakimiyyətini möhkəmləndirmək vasitəsi kimi deyil, regionda davamlı sülhə nail olmaq üçün fürsət kimi dəyərləndirməlidir.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, sülh sazişinin imzalanmasında və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır. Lakin Ermənistanın qeyri-müəyyən siyasi addımları və öhdəliklərin icrasının uzadılması bu imkanların reallaşmasını çətinləşdirə bilər.

Qabil Hüseynli hesab edir ki, Paşinyan hökumətinin geosiyasi rəqabəti bəhanə gətirərək vaxt qazanmağa çalışması Ermənistanın özü üçün də mənfi nəticələr yarada bilər. Buna görə də İrəvanın qarşısında duran əsas vəzifə daxili siyasi gündəliyi regionda uzunmüddətli sülhün təmin olunması məqsədinə uyğunlaşdırmaqdır.


Sizin reklam burada
Sizin reklam burada