Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun böyük qızı Yuliya Şoyqu kollec tələbələri üçün “Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları” (OBJ) adlı dərsliyin hazırlanmasında iştirak edib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı il nəşrli dərslik Yuliya Şoyqunun redaktorluğu ilə hazırlanıb. O, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinə 2002-ci ildən rəhbərlik edir.
Dərslikdə “Apple” və “Google” kimi texnologiya şirkətlərinin istifadəçilər üçün yaratdığı təhlükələrdən də bəhs olunur. Nəşrdə bu şirkətlərin şəxsi məlumatları, o cümlədən bank məlumatları və yazışmaları əldə edə bildiyi, smartfonların kamera və mikrofonlarından istifadə ilə bağlı risklərin olduğu iddia edilir.
Bəzi ekspert və jurnalistlər isə dərslikdəki bu fikirlərin texnologiyaların real iş prinsiplərini tam əks etdirmədiyini bildiriblər. Məsələn, Apple və Google-un bütün istifadəçilərin bank məlumatlarına avtomatik çıxış əldə etməsi və telefonların söndürülmüş vəziyyətdə daim lokasiyanı müəyyənləşdirməsi ilə bağlı iddialar mübahisələndirilib.
Dərslikdə kriptovalyuta da “rəqəmsal psevdopul” kimi təqdim olunur və onun dəyərinin əsasən informasiya mühitindəki manipulyasiyalardan asılı olduğu bildirilir. Bu yanaşma da tənqid olunub.
Yuliya Şoyqu psixoloqdur və 2002-ci ildən Rusiyanın FHN-in Təcili Psixoloji Yardım Mərkəzinə rəhbərlik edir. O, həmçinin psixologiya sahəsində elmi fəaliyyətlə məşğuldur.