Rusiyanın Ticarət gəmisinə hücumu nəticəsində 10 nəfər həlak oldu

Rusiyanın Ticarət gəmisinə hücumu nəticəsində 10 nəfər həlak oldu
20 İyl 2026 20:52

Ukraynanın Odessa şəhəri sahillərində yük gəmisinə Rusiya tərəfindən endirilən raket zərbəsi nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Qvineya-Bisau bayrağı altında üzən gəmi bazar günü Rusiyanın qanadlı raketləri ilə vurulub və nəticədə gəmidə yanğın baş verib.

Hadisədən sonra axtarış-xilasetmə əməliyyatı həyata keçirilib və gecə boyu davam edib. Ukraynanın Dəniz Limanları Administrasiyası bazar ertəsi səhər açıqlayıb ki, insident nəticəsində doqquz ekipaj üzvü və bir liman bələdçisi  həlak olub. Ölənlər arasında Hindistanlılar da olub. Hindistan Xarici İşlər Nazirliyi ölənlər arasında dörd Hindistan vətəndaşının olduğunu təsdiqləyib.

Son həftələrdə Odessa vilayəti Rusiyanın intensiv hücumlarına məruz qalır. Vilayət administrasiyasının rəhbəri Oleq Kiperin Ukrayna televiziyasına verdiyi məlumata görə, təkcə iyul ayında bölgəyə endirilən zərbələr nəticəsində 28 nəfər həyatını itirib.

Bununla yanaşı, Qara dənizdə yük gəmilərinə qarşı həyata keçirilən Rusiya hücumlarının da artdığı bildirilir.

Qvineya-Bisau bayrağı altında üzən "Golden Leo" yük gəmisinə edilən hücum itkilər baxımından indiyədək bu qəbildən olan hücumlar arasındda ən böyüyüdür.


Sizin reklam burada
Sizin reklam burada