Rusiyanın dini dəyənəyi: Erməni kilsəsi- Tural İrfan yazır

Rusiyanın dini dəyənəyi: Erməni kilsəsi- Tural İrfan yazır
09:20

Ermənistan hakimiyyəti, xüsusən baş nazir Nikol Paşinyan ilə Ermənistan Apostol Kilsəsi arasında qarşıdurma yeni və daha gərgin, bəlkə də həlledici mərhələyə qədəm qoyub. Ovanavank monastırında əvvəllər keşişlik rütbəsindən məhrum edilmiş, lakin Baş nazir Nikol Paşinyanın hər zaman açıq dəstəyini qazanmış keşiş Stepan Asatryan ibadət mərasimi, ayin keçirib. Paşinyan və ətrafı mərasimdə iştirak edib. 

Günün əvvəlində yayımlanan videomüraciətində baş nazir Paşinyan “Eçmiədzini azad etməyin vaxtı çatıb” deyib və Ovanavankdakı liturgiyanı bu prosesin başlanğıcının simvolu adlandırıb. Görünür ki, hökumət artıq dövlət - din münasibətlərinin gərginləşməsini dövlət üçün ciddi təhlükə hesab edir və ona görə də bu həssas məqamda müvafiq addımlar atmağa, hətta öz namizədini meydana çıxarmağa start verib. 

Baş nazir Paşinyanın

“Birinci Taxt Eçmiədzinin azad olunması məsələsi çoxdan yetişib. Bu gün Ovanavankda keçirilən liturgiya, Birinci Taxt Eçmiədzinin azad edilməsinin praktiki mərhələsinin başlanğıcını simvolizə edəcək. Hər birimiz, o cümlədən Erməni Apostol Kilsəsi (EAK) ruhaniləri də seçim etməliyik,” - deməsi vəziyyətin tam gərginlik həddində olduğunu bir daha göstərir. Eyni zamanda görünür ki, Ermənistanda artıq Kilsə iki hissəyə bölünüb: dövlətin, Baş nazirin dəstək verdiyi Aram Asatryan və Rusiyanın dəstəklədiyi, siyasiləşmiş və dövlət çevrilişinə cəhd edən 2-ci Qaregin tərəfdarları.

Paşinyan hazırkı Katolikosu və Kilsə rəhbərliyini müqəddəs məbədi murdarlığın zəncirinə salmaqda və korrupsiyada ittiham edir və istefasını tələb edir. 

Eçmiədzin tərəfi isə hakimiyyətin bu addımlarını Kilsədə parçalanma yaratmaq cəhdi kimi qiymətləndirir. Ancaq əslində parçalanma və təxribatların yaradılması Qareginin başçılıq etdiyi Kilsə tərəfindən həyata keçirilir. Məlumatlara görə ayin keçirilən Monastır ətrafında artan gərginlik fonunda polis qüvvələri gücləndirilib, Aragatson vilayətinin onlarca ruhani nümayəndəsi isə İstintaq Komitəsinə dindirilməyə çağırılıb. Həbslərin olduğu haqda da məlumatlar var. Ovanavank monastırının keçmiş keşişi, hazırda Stepan adı ilə çağırılan Aram Asatryan bütün ermənilərin Katolikosu 2-ci Qareginin qərarı ilə ruhani rütbəsindən əvvəl məhrum edilib. Bu qərar onun 2021-ci ildə İctimai Televiziyada verdiyi açıqlamalardan sonra qəbul olunmuşdu. Həmin açıqlamalarda o bildirmişdi ki, din xadimləri müxalifət mitinqlərində iştirak etməyə məcbur ediliblər. Hər birimizə məlumdur ki, Ermənistanda Kilsənin müxalif qüvvələrlə birlikdə siyasi aksiyalara qoşulması birbaşa xarici təsirlərlə, əsasən Rusiyanın sayəsində baş tutur. Odur ki, Ermənistan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik fonunda Moskva ilk dəfə açıq şəkildə mövqe nümayiş etdirib. Belə ki, Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin müşaviri protoierey Nikolay Balaşov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı hərəkətləri ilə Konstitusiyanı pozur və dini quruma təzyiq edir.

Onun sözlərinə görə: “Ermənistan Konstitusiyası dini təşkilatların dövlət idarəçiliyindən ayrıldığını təsbit edir. Dünyəvi hakimiyyət nümayəndəsinin kilsənin daxili həyatına müdaxilə etmək hüququ yoxdur. Kilsənin işləri yalnız onun kanonik qaydaları ilə tənzimlənir”. Bu bəyanatda əvvəla hadisələrin birbaşa Rusiya tərəfindən idarə olunduğu bir növü etiraf olunub. Digər tərəfdən isə bəyanatda ziddiyyət ortaya çıxır. Əgər dövlət Kilsənin işinə qarışmamalıdırsa Kilsə də dövlətin işinə qarışmamalıdır. Ancaq müşahidə olunan odur ki, Kilsə dövlət əleyhinə aksiyalara qoşulur, hətta təxribat xarakterli hərəkatlara başçılıq edir, keşişlər din xadimi kimi deyil, siyasi partiya rəhbəri, hərəkat lideri obrazında çıxış edirlər. Bu proseslər əslində bir çox tarixi həqiqətləri ortaya çıxarır və Kilsənin siyasi məkrlərə necə alət edildiyini ifşa edir.

Məlumdur ki, tarixən Erməni kilsəsi uzun illər boyu Çar Rusiyası dövründən başlayaraq Kremlin ideoloji təsiri altında olub, din pərdəsi altında Qafqazda Çar hökumətinin maraqlarını qoruyub. Paşinyanın Qərbə üz tutması və müstəqil qərarlar qəbul etməyə meyl etməsi, əsasən də Türkiyə və Azərbaycan ilə sülhə doğru addımları Kilsənin himayədarlarını narahat edib. Erməni kilsəsini Rusiya həmişə Türkiyə və Azərbaycan əleyhinə istifadə edib. Kilsə erməni dövlətinin ideoloji mərkəzi kimi qəbul olunub. Hazırda kilsənin Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi də Kremlin göstərişi ilə meydana gəlib. Rusiya din xadiminin Ermənistandakı din və dövlət məsələlərinə ultimativ tipli münasibətlər bildirməsi bu faktı bir daha təsdiq etmiş olur. Mövcud hadisələrin gedişatı və əsl mahiyyəti əslində Erməni Apostol Kilsəsi ilə Paşinyan hökuməti arasında gedən  mübahisə deyil, Paşinyan ilə Kremlin, Rusiya və Qərbin Qafqazdakı siyasi qarşıdurmasının tərkib hissəsidir. Azərbaycanın qələbəsindən və xüsusən sülh məsələsinin ortaya çıxmasından sonra Ermənistanda Kilsə - dövlət münasibətləri pozulub və hökumətə qarşı açıq etirazlar, hətta üsyanlar baş qaldırıb. Rəsmi Kreml Nikol Paşinyanı bu yolla devirmək istədi. Lakin çevriliş baş tutmadı. Çünki siyasi müxalifət ilə Kilsə arsında tam müttəfiqlik yoxdur. Ona görə ki, liderlər fərqli xarici dairələrə xidmət edir. Hətta maraqları da fərqlidir. Eyni zamanda müxalifətin sosial bazası zəifdir və xalqın dəstəyi yetərli deyil. Belə olduğu halda Rusiya mümkün olduğu qədər Kilsənin əli ilə ölkədə təxribatlar yaradaraq gedən sülh prosesini ləngitmək, Baş naziri zəiflətmək, qarşıdan gələn seçkilərdə özünə bağlı siyasi qüvvələri hakimiyyətə qaytarmağı nəzərdə tutur. Burada Kilsə sadəcə alət kimi, vasitə olaraq istifadə olunur. Əks halda din xadimlərinin hakimiyyətə gətirilməsi teokratiyanı tələb edir ki, bu da indiki erməni cəmiyyətində və həmçinin beynəlxalq aləmdə birmənalı qəbul olunmaz. 

Hazırda hökumət isə seçkilərə qədər yolundakı maneələri dəf etmək istəyir. Bu maneələrdən də ən böyüyü Kilsədir. Daha doğrusu Kilsənin indiki rejimidir. Rusiya mümkün qədər Ermənistandakı hazırki narahat durumu uzatmaq, seçkilərə qədər vəziyyəti gərgin saxlamaq istəyir. Paşinyan isə bunun fərqindədir və ona görə də 2-ci Qaregini istefaya məcbur edərək öz namizədini Kilsənin başına gətirmək istəyir. Hazırda vəziyyət çox qarışıqdır. Ola bilsin Moskvaya bağlı dairələr tərəfindən Paşinyanın dəstəklədiyi keşiş Aram Asatryan və Qareginin yerini tutmağa namizəd olan digər din xadimləri sui-qəsdə məruz qalsınlar. Ola bilsin Paşinyan hökuməti onların təhlükəsizliyini artıq tam təminat altına alsın. Bəzi şərhçilər hesab edir ki, bu gərgin proses seçkilərə qədər davam edəcək. Ancaq düşünürəm ki, bu çox uzana bilməz. Ona görə ki, burada siyasi mübarizədən daha çox xarici təsirdə olan Kilsənin islahata cəlb edilməsindən və dinin siyasətdən ayrılmasından söhbət gedir. Qaregini sadəcə bir qrup din xadimi və Rusiya təsirində olan müxalifətin az hissəsi dəstəkləyir. İlin sonuna kimi məsələnin həllini tapmasına imkanlar var. Çünki münaqişənin uzanması Ermənistan hakimiyyətinə yox, Kilsəni təsir altında saxlayan dairələrə sərf edir ki, seçkiyə qədər hadisələri uzada bilsinlər. Bu da ölkənin o, zaman çərçivəsində tam qarışması, qarşılıqlı qarşıdurmaların artması deməkdir. Odur ki, hökumət buna imkan verməz və Qareginin həbsi bahasına olsa da belə, tezliklə problemin həlli üçün kəskin addımlar atacaq.

Tural İrfan

Dinşünas, Milli Cəbhə Partiyasının başqan müavini


Sizin reklam burada
Sizin reklam burada