Rusiya ABŞ-nin orta və mənzilli raket komplekslərini Norveçdə yerləşdirməsini NATO-nun sabitliyi kəskin şəkildə pozan addımları sırasında qiymətləndirir.
News365.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, yerüstü raket komplekslərinin Norveçdə yerləşdirilməsi NATO-nun Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanları yaratmaq niyyətini nümayiş etdirir.
Zaxarova iddia edib ki, bu qurğular uzaqmənzilli raketləri də buraxa bilər. Rusiya XİN rəsmisinin fikrincə, belə raketlərin yerləşdirilməsi NATO-ya Moskva da daxil olmaqla, Rusiyanın Avropa hissəsinin əhəmiyyətli bir bölümünü hədəfə almaq imkanı verə bilər.
Qeyd edək ki, ABŞ bundan əvvəl Norveçə orta və yaxın mənzilli raketlər üçün yeni buraxılış qurğusu yerləşdirib. Bununla da Norveç Avropada bu tip ABŞ sistemlərinin gətirildiyi ikinci ölkə olub.
Məlumata görə, söhbət müxtəlif tipli raketləri, o cümlədən “Tomahawk” qanadlı raketlərini buraxmaq imkanına malik “Mk 70” kompleksindən gedir. Sistem Norveçə ABŞ, Böyük Britaniya və Norveçin birgə hərbi təlimləri çərçivəsində gətirilib.