"Pensiya yaşı arta bilər, əmək bazarı boşalır" - Gənclərin ölkədən köçməsinin dəhşətli fəsadları

"Pensiya yaşı arta bilər, əmək bazarı boşalır" - Gənclərin ölkədən köçməsinin dəhşətli fəsadları
14:45

Son illərdə gənclər arasında xaricdə təhsil almaqla yanaşı, gələcək həyatını başqa ölkədə qurmaq istəyi də daha çox müzakirə olunur. Daha yaxşı təhsil və karyera imkanları, yüksək gəlir, sosial təminat və yaşam şəraiti kimi amillər bir çox gənci xaricdə yaşamağa sövq edir. Bu tendensiya fərdi seçim olmaqla yanaşı, uzunmüddətli perspektivdə cəmiyyət üçün müəyyən sosial və demoqrafik risklər də yarada bilər.

Xüsusilə əmək qabiliyyətli və ixtisaslı gənclərin ölkədən uzunmüddətli və ya daimi köçü əmək bazarında kadr çatışmazlığı, beyin axını, demoqrafik strukturun dəyişməsi və ailə münasibətlərində yeni problemlərin yaranmasına səbəb ola bilər. Azərbaycanda da xaricdə yaşamaq istəyinin artması bu tendensiyanın səbəblərinin və mümkün nəticələrinin daha geniş müzakirəsini zəruri edir.

Bəs gənclər arasında xaricdə yaşamaq istəyinin artması cəmiyyət üçün hansı sosial riskləri yaradır və bu tendensiyanın qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, gənclər cəmiyyətin avanqard qüvvəsi kimi hər zaman əsas ağırlığı və məsuliyyəti öz çiyinlərində daşıyırlar.

Onun sözlərinə görə, xüsusən nəsillərarası varisliyin təmin edilməsi, valideyn-övlad münasibətləri, gələcəkdə insanların pensiya təminatı baxımından yeni nəslin, xüsusilə gənclərin fəaliyyəti, davranışı, harada yaşaması və nə işlə məşğul olması çox əhəmiyyətlidir:

“Onların müəyyən bir qismi, son dövrlərdə isə əhəmiyyətli bir hissəsi xaricə köçürsə, bu, müəyyən obyektiv və subyektiv səbəblərdən baş verir. Təbii ki, Azərbaycanda və ya onların özlərinə lazım olan diqqəti, münasibəti və qayğını kifayət qədər görməmələri, iş tapmaqda çətinlik çəkmələri və yaxud öz karyeralarını istədikləri kimi qura bilməmələri səbəbindən əmək bazarının daha fəal olduğu Avropaya və digər ölkələrə üz tutmaları başadüşülən haldır. Bunun qarşısını tamamilə almaq da mümkün deyil və bunun faydalı tərəfləri də var.

Amma faydalı olmayan tərəf həmin şəxslərin sonradan geri qayıtmaq istəməmələri, Azərbaycana dönmək istəməmələri və xaricdə özləri üçün seçim edib, ev və şərait quraraq və ya xarici vətəndaşlarla ailə quraraq orada yaşamalarıdır. Bu, müəyyən mənada başadüşüləndir. Qloballaşma şəraitində asimilyasiyadan danışmaq mümkün deyil. Amma hər bir halda Azərbaycan vətəndaşlarının bir hissəsinin, xüsusən gənclərin ölkədən kənarda uzunmüddətli yaşamağa üstünlük verməsi müəyyən mənada sosial risklər yarada bilər.

Ən böyük risklərdən biri nəsillərarası əlaqələr prinsipinin zəifləməsi və gələcəkdə pensiya təminatı ilə bağlı müəyyən çətinliklərin yaranması ehtimalıdır. Bu risk artıq müəyyən mənada özünü göstərir. Belə bir vəziyyətdə istər-istəməz pensiya yaşı gələcəkdə arta bilər. Çünki yeni nəslin çalışması hesabına pensiya fondu formalaşır. Toplanan kapital, fərdi kapital qeydə alınır və yeni nəslin əməyinin yaratdığı kapital öz əksini tapır. Çünki dövlətin müəyyən sosial təhlükəsizlik xərcləri var və sosial təminat məsələləri də məhz əmək bazarında həll olunur.

Digər bir tərəfdən, gənclərin xaricə axını mentalitet baxımından ənənəvi dəyərlərin dəyişməsinə, Azərbaycan ailə modelinin müəyyən dərəcədə transformasiyasına və ailə münasibətlərində dəyişikliklərə səbəb ola biləcək dolayı amillərdən biri kimi qiymətləndirilə bilər. Düzdür, heç kəs xaricə axını boşanmanın birbaşa səbəbi kimi dəyərləndirmir, bu, bir qədər düzgün olmayan yanaşma olardı. Amma heç kəsə sirr deyil ki, xaricə axın edənlər öz şəraitlərini və gələcəklərini qurmaq üçün xarici vətəndaşlarla ailə qurmağa da meylli ola bilirlər. İstər qızlar, istər oğlanlar, istər bəylər, istər xanımlar olsun, çox da fərq etmir. Belə bir imkan yaranırsa, bundan bu və ya digər formada faydalanmağa çalışırlar.

Bu münasibətlər hərtərəfli və köklü şəkildə dəyişir və biz artıq tam fərqli tendensiyalarla, fərqli münasibətlərlə, tamamilə fərqli dəyərlərlə formalaşmış yeni gənc nəsillə qarşılaşırıq. Gəncləri qınamaq da çox doğru deyil. Çünki əgər biz onların getməsinin qarşısını almaq istəyiriksə, onlara Avropada gördükləri, xəyal etdikləri şəraitin ən azı minimumunu Azərbaycanda təmin etməliyik.

Reallığı nəzərə alaraq, gənclər özlərini təhlükəsiz, rahat, maddi cəhətdən təmin olunmuş, işlə təmin edilmiş və karyera perspektivi baxımından güvənli hiss etsələr, yəqin ki, xaricə getməyə o qədər də meylli olmayacaqlar. Bu, təbii bir tendensiyadır.

Amma bu təminat məsələsində müəyyən iyerarxiya, subordinasiya və bürokratik prosedurlar olduğu üçün  bu, müəyyən mənada təbiidir. Gənclərin karyera, rifah və təhsil keyfiyyəti baxımından yollarını açmalıyıq ki, onlar Azərbaycan cəmiyyətində qalmaq, burada böyümək, inkişaf etmək, cəmiyyəti inkişaf etdirmək və öz gələcəkləri barədə daha nikbin düşünə bilsinlər.

Əks halda, müəyyən risklərin artması ehtimalı yaranır. Bu risklərdən birincisi, əgər nəsillərarası boşluğun yaranması və pensiya təminatı ilə bağlı çətinliklərdirsə, ikincisi, yeni nəslin tərbiyəsi və sosial-demoqrafik siyasətin müəyyən qədər yenilənməsinə ehtiyac yaranması ilə bağlı risklərdir.

Nəsillər arasındakı əlaqə zəifləyirsə, nəsil artımı azalırsa, Azərbaycan vətəndaşlarının bir hissəsi xarici vətəndaşlığı qəbul edirsə, bu, müəyyən dövrdə xaricdə yaşadıqdan sonra mümkün nəticələrdən birinə çevrilə bilər. Bunun nəticəsində Azərbaycan həm əhalinin, həm də gələcək fəal və məhsuldar əhalinin bir hissəsini itirirsə, bu potensialın, bu gücün Azərbaycanda deyil, xaricdə reallaşması bizim intellektual potensialımız, gələcəyimiz və işgüzar fəaliyyətimiz baxımından cəmiyyətin strateji hədəfləri üçün müəyyən itkilər deməkdir.

Təbii ki, biz bunu nəzərə almalı və cəmiyyətin fəal təbəqəsi olan gənclərin qayğılarını həll etməklə onları Azərbaycan cəmiyyətində daha fəal olmağa və Azərbaycana yönəlməyə təşviq etməliyik.

Düzdür, indiki dövrdə qarışıq nikahlar və qlobal səviyyədə müxtəlif ölkə vətəndaşlarının ailə qurması təbii bir prosesdir. Bunun qarşısını almaq mümkün deyil, bəzi hallarda isə heç məqsədəuyğun da deyil.
Amma digər tərəfdən, belə davranışlar və münasibətlər həm milli hədəflər, həm sosial təhlükəsizlik, həm vətəndaş təhlükəsizliyi, həm də cəmiyyətdə gələcəkdə hüquq və bərabərliyin adekvat və effektiv şəkildə təmin olunması baxımından müəyyən risklər yarada bilər.

Bu riskləri aradan qaldırmaq üçün sosial siyasət hədəfləri dəqiqləşdirilməli, gənclərə yönələn sosial siyasət proqramları daha ciddi, daha ardıcıl və daha məqsədyönlü xarakter almalıdır”, - deyə ekspert fikrini tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada