Moskvada elit yaşayış kompleksində yerləşən bir parkinq yeri rekord qiymətlə satışa çıxarılıb.
Moslenta-nın yaydığı məlumata görə, söhbət Patriarşı gölləri yaxınlığında tikilən elit yaşayış kompleksində yerləşən yeraltı parkinqdən gedir. Buradakı bir maşın yeri 45,6 milyon rubla (təxminən 958 min manat) satışa çıxarılıb ki, bu da üçotaqlı mənzilin qiymətinə bərabərdir.
Daşınmaz əmlak bazarı nümayəndələrinin sözlərinə görə, həmin "de luxe" sinifli yaşayış kompleksində parkinq yerlərinin qiyməti 22,3 milyon rubldan (təxminən 468 min manat) başlayır.
Analitiklər bildirirlər ki, hazırda Moskvanın yeni tikililərində bir maşın yerinin orta qiyməti təxminən 3,8 milyon rubl (təxminən 80 min manat) təşkil edir. Ən ucuz variantları isə Yeni Moskva ərazisində təxminən 468 min rubla (təxminən 10 min manat) tapmaq mümkündür.