Quran yandırmağı ənənə şəklinə salmaq istəyənlər kimlərdir? - Tural İrfan yazır

Quran yandırmağı ənənə şəklinə salmaq istəyənlər kimlərdir? - Tural İrfan yazır
20 Avq 2024 09:12

Artıq bir neçə müddətdir ki, əvvəlcə Qərbdə, sonra da müsəlman ölkələrində müqəddəs Qurani - Şərifi yandırmağı dəb halına salmaq istəyənlər var. Qərb ölkələrində bu ənənə dövlət səviyyəsində müdafiə olunur. Bunun misalını Fransada gördük. Bu, müsəlmanların heysiyyətinə toxunmaq, müqəddəs olan dəyərlərini adiləşdirmək məqsədi daşıyır.

ABŞ və İran koalisiyası hər nə olsa da müsəlman lideri obrazında olan Səddam Hüseyni məhz Qurban bayramı günü edam etməklə əslində müsəlmanları təhqir etmişdi, müsəlmanların qeyrətinə toxunmuşdu. Demək istəmişdi ki, sizin müqəddəs saydıqlarınız bizim üçün adidir. Siz müsəlmanların liderlərini ən müqəddəs saydığınız bir gündə boğazına kəndir salıb asırıqsa demək sizin hamınızı bu cür sındıra bilərik. 

İndi də Qurani - Şərifin müqəddəsliyini aradan aparmaq üçün bəzi şəxsləri təlimatlandırıb danışdırır, digər yöndən də kitabın yandırılmasını təşkil edirlər. Qərb İslama qarşı səlib yürüşünə çoxdan başlayıb. İslam daxilində yeni dinlər, təriqətlər peydahlayır, hər vəchlə nifaq, ixtilaf, fitnə mənbələri yayır. Özlərini "Əhmədi sülh və nur dini" mənsubları sayan güruhun da təməli fars və ingilis mənşəlidir. Əqidə əsasları bazasını fars mənbələrindən götürən bu kimi qondarma cərəyanlar Qərb dairələrinin yeni yaratdığı "Əbdülvəhhablardır". Bunlar da qibləni dəyişmək istəyirlər. Guya əsl Məkkə İordaniyadakı Petra şəhəridir. Nədir - nədir İsrail "Böyük İsrail" yaratmaq üçün İordaniyanı da tutmalıdır və bunlar da indidən oranı nəzər - diqqətə gətirib özlərini o yönlərə sırımalıdırlar. İslam dininin üç dəyişməz prinsipindən biri olan Axirət inancını inkar edərək reankarnasiyanı (ruhun bədəndən bədənə keçməsi, tənasüx) müdafiə edirlər, Quranı əsl Quran hesab etmirlər...

Qərbin məkrli dairələri İslama qarşı həm açıq, həm də gizli savaşırlar. Quranın mahiyyətini ucuzlaşdırmaq, onu adi kitab halına gətirmək, hətta yandırmaq, cırmaq, təhqir etmək kimi ənənələr formalaşdıraraq İslamı əritmək istəyirlər.

Bir neçə gün öncə Azərbaycan dilində danışan bir şəxsin müqəddəs kitabın tərcüməsini yandıraraq İslam Peyğəmbərini və dinini təhqir etməsi haqlı olaraq cəmiyyətdə geniş narazılıq yaratdı. Bu və bu kimi şəxslərin qanun qarşısında cəzalanması vacibdir. Çünki bu kimi məsələlərdən sui-istifadə etməyə çalışanlar, təxribat cəhdləri edənlər də var. Mümkündür ki, bu şəxs öyrədilmiş, təxribat yaratmaq məqsədi ilə ortaya atılmış alətdir. Ola bilsin ruhi xəstədir. Bəlkə də tam ağıllı və məqsədli adamdır. Bu kimi şəxslər dövlətin aidiyyəti güc qurumu tərəfindən tapılıb layiqli məsuliyyətə alınmalıdır. Çünki bəzi dini dərindən bilməyən təəssübkeşlər, bəzən də təxribatçılar, xarici maraqlara xidmət edənlər o şəxsə qarşı sərt, radikal təhdidedici mesajlar verirlər.

Həmin şəxs barədə qanuni ölçü götürülmədikcə həm təəssübkeşlər həm də təxribatçılar bu məsələnin problemə çevrilməsinə səbəb ola bilərlər. Eyni zamanda müsəlman əhalinin heysiyyatına toxunmaq adi hal ala bilər. 

O əməli törədən şəxsin hansı dairələr tərəfindən irəli verildiyi araşdırılıb ictimaiyyətə məlumat verilməlidir. Qurani - Şərifi yandıran, İslamı təhqir edən şəxs və onu bu işə təhrik edən dairələr ifşa edilməli, qanuni şəkildə cəzalandırılmalıdır.

İki milyarda yaxın insanın müqəddəs sayıb başının üstündə saxladığı, müsəlman dövlət rəhbərlərinin and içib əlini basdığı, Cənab Prezidentin öpüb gözünün üstünə qoyduğu müqəddəs Quranı təhqir edənlər eyni zamanda dövlətimizi, dövlət atributlarımızı da təhqir etmiş sayılırlar. Odur ki, bu şəxslər: işi sifariş edənlər, planlayanlar, yandıran, videonu çəkən və yayanlar barədə cinayət məsuliyyəti tətbiq edilməlidir.

Tural Irfan, MCP-nin sədr müavini


Sizin reklam burada
Sizin reklam burada