Ali Baş Komandan İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu
Hər bir xalqın tarixində ordu, dövlətçiliyin
sütunlarından biri kimi xüsusi yer tutur. Azərbaycan xalqı da öz hərbi qüdrəti
və vətənpərvərlik ruhu ilə hər zaman fəxr etmiş, silahlı qüvvələrinə böyük
dəyər vermişdir. Bu baxımdan 26 İyun – Azərbaycan Respublikasının Silahlı
Qüvvələri Günü ölkəmizin ən mühüm bayramlarından biri sayılır və hər il
təntənəli şəkildə qeyd olunur.
Azərbaycan Silahlı
Qüvvələrinin əsası hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qoyulmuşdur. Məhz 1918-ci il iyunun 26-da AXC hökumətinin qərarı ilə ilk nizami
hərbi hissə yaradılmış, bununla da milli ordumuzun formalaşmasına başlanmışdır.
Bu mühüm tarix, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da
öz aktuallığını qorumuş və 1998-ci ildən etibarən rəsmi olaraq Silahlı Qüvvələr
Günü kimi qeyd olunmağa başlanmışdır.
1991-ci ildə
müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, çətin geosiyasi və
hərbi-siyasi şəraitdə öz silahlı qüvvələrini yaratmağa başlamışdı. Lakin bu
prosesin ilkin mərhələsi nizamsız, zəif strukturlaşmış və təcrübəsiz kadrlarla
müşayiət olunurdu. 1990-cı illərin əvvəllərində ölkədəki siyasi qeyri-sabitlik,
torpaq itkisi və hərbi idarəetmədəki boşluqlar vəziyyəti daha da
çətinləşdirirdi. Ulu Öndər Heydər Əliyev
müasir Azərbaycan Ordusunun formalaşmasında və möhkəmləndirilməsində misilsiz
xidmətlər göstərmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi
hakimiyyətə qayıdan Heydər Əliyev ilk gündən ordu quruculuğunu milli
təhlükəsizliyin və dövlət müstəqilliyinin əsası kimi dəyərləndirmişdir. Məhz
onun təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar əsaslarla
formalaşdırılmasına başlanmışdır. Ordunun maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Hərbi
təhsil sisteminin yenidən qurulması, xarici ölkələrlə hərbi əməkdaşlığın
genişləndirilməsi üçün təsirli siyasət yürüdülmüşdür. Ordumuz haqqında
Ümummilli Lider demişdir: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim
bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət
etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu
vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi
həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də
qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini
təmin etməkdən ibarətdir”.
1994-cü il mayın 12-də
Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan
sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata
keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki
təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının
artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Beynəlxalq hərbi əməkdaşlıqlara əsaslanan müasir ordu modeli formalaşdırıldı. Bu
mərhələdə formalaşan peşəkar, milli və döyüş qabiliyyətli Azərbaycan Ordusu,
sonrakı illərdə ölkənin təhlükəsizliyinin təmin olunmasında və 2020-ci ildə baş
vermiş Vətən Müharibəsində qələbənin qazanılmasında həlledici rol oynamışdır.
Bu yeni mərhələ təkcə hərbi sahədə deyil, həm də xalq-ordu birliyinin
möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından da dönüş
nöqtəsi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu
quruculuğu siyasəti bu gün də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün
regionun ən güclü və müasir texnologiyalarla təchiz olunmuş ordularından birinə
çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
hakimiyyəti dövründə ordu quruculuğu ölkənin strateji prioritetlərindən biri
kimi daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən milli təhlükəsizliyi və
dövlət müstəqilliyini möhkəmləndirən ən vacib sütunlardan biri olan ordu
quruculuğu siyasətini prioritet istiqamət kimi müəyyən etmişdir. Onun
rəhbərliyi ilə həyata keçirilən islahatlar və ardıcıl tədbirlər nəticəsində
Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü silahlı qüvvələrindən birinə
çevrilmişdir.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə aparılan ordu quruculuğunda bir neçə istiqamətlər üzrə işlər
aparılmışdır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir silah-sursat,
hərbi texnika və texnologiyalarla təchiz olunmuşdur. Müdafiə sənayesi inkişaf
etdirilmiş, yerli istehsal gücləndirilmişdir. Hərbi məktəblər yenilənmiş,
beynəlxalq standartlara uyğun zabit heyətinin hazırlanması təmin olunmuşdur.
Hərbi qulluqçuların maaşlarının artırılması, mənzil və sosial təminat məsələlərinin
yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. “Güclü ordu – güclü dövlət”
prinsipi Prezident İlham Əliyevin fəaliyyətində əsas istiqamətlərdən biri
olmuş, xalq–ordu birliyi daha da möhkəmlənmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə böyük
qəhrəmanlıq göstərərək əzəli torpaqlarımızı – Qarabağı və ətraf rayonları
erməni işğalından azad etmişdir. Bu qələbə Azərbaycan Ordusunun gücünün,
xalq–ordu birliyinin və vətən sevgisinin parlaq nümunəsidir. 2020-ci ilin
sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi, Prezident İlham
Əliyevin illərlə apardığı ordu quruculuğu siyasətinin nə qədər səmərəli və
məqsədyönlü olduğunu sübut etdi. Prezident İlham Əliyev həm hərbi, həm
diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın
tarixində yeni bir mərhələnin əsasını qoydu. O, həm də dünya birliyinə göstərdi
ki, güclü orduya və güclü siyasi iradəyə malik olan bir xalq heç zaman məğlub
edilə bilməz: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular
sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan
xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni
uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz
çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə
yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq
kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Bu gün yalnız hərbi bayram deyil, həm də
birliyin, gücün və vətənə sədaqətin simvoludur. 26 İyun münasibətilə ölkənin
müxtəlif bölgələrində hərbi paradlar, tədbirlər, şəhid ailələrinə baş çəkilər
və vətənpərvərlik mövzusunda layihələr həyata keçirilir. Bu, həm də ordu
sıralarında xidmət edən minlərlə əsgər və zabitə təşəkkürün ifadəsidir.
Azərbaycan Silahlı Qüvvələri xalqın güvənc
yeridir. 26 İyun – Silahlı Qüvvələr Günü isə bu güvənin və milli birliyin
bayramıdır. Bu münasibətlə bütün hərbi qulluqçuları, qazilərimizi və şəhid
ailələrini dərin ehtiramla yad edir, ordumuza yeni uğurlar arzulayırıq.
Ordumuz güclüdür! Ordumuz
qalibdir! Qarabağ Azərbaycandır!
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent