Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə yanaşı onun birinci müavini Elbrus Tağıyev və digər vəzifəli şəxslər də tutulub.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Hadisə ilə bağlı verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, Azərbaycanda dövlətin korrupsiyaya qarşı mübarizəsi qətiyyətlə davam etdirilir.
Deputat bildirib ki, təəssüf ki, bu gün bəzi məmurlar özlərinə etibar edilmiş vəzifəni korrupsiya və mənimsəmə mənbəyi kimi dəyərləndirirlər: “Onlarda belə yanlış təsəvvür yaranır ki, dövlət onların şəxsi mülküdür və etdikləri qanunsuz əməlləri sübut etmək mümkün olmayacaq. Ancaq unudurlar ki, dövlətin əsas vəzifəsi həm vətəndaşlara, həm də kadrlara etimad göstərmək, eyni zamanda onların fəaliyyətinə daimi və ciddi nəzarət etməkdir”.
Aydın Mirzəzadə vurğulayıb ki, heç bir vəzifəli şəxs Azərbaycanda dövlət nəzarətindən kənarda deyil və etdiyi istənilən qanunsuz əməl gec-tez üzə çıxacaq:
“Çox təəssüf ki, bəzən belə neqativ halların içərisində yüksək vəzifəli şəxslər də olur. Amma bir sıra icra başçılarının, eləcə də keçmiş nazirlərin məsuliyyətə cəlb edilməsi onu göstərir ki, qanun qarşısında hər kəs bərabərdir və törədilən hər bir hüquq pozuntusuna görə cavab verilməlidir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizədə prinsipial mövqe tutur və bu istiqamətdə həyata keçirilən tədbirlər, eləcə də ötən gün baş vermiş saxlanma faktı bunu bir daha təsdiqləyir.