Dəməşqdə xristian kilsəsini kim və niyə partladıb? - Tural İrfan yazır
Aktual
09:08
Suriyanın paytaxtı Dəməşqin şərqində yerləşən xristian kilsəsində törədilən terror aktı nəticəsində azı 25 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Məlumata görə, partlayıcı qurğu məbədə daxil olan kamikadze tərəfindən işə salınıb.
Hücum xristian əhalinin yaşadığı Duveyla məhəlləsində həyata keçirilib. Polis hadisə baş verən ərazini mühasirəyə alıb, hadisə yerinə təcili yardım maşınları gəlib, yaralılar xəstəxanalara çatdırılıblar.
Suriyada nisbətən stabilləşən durumu gərginləşdirmək istəyən, üsyanlar, təxribatlar təşkil edən qüvvələr məqsədinə çata bilmədikdə artıq terrora əl atdılar. Kamikadzedən istifadə edilməsi Suriyada aktivləşməyə can atan İŞİD dəsti - xəttinə bənzəyir. Əcəl yastığındakı molla rejiminin son çırpıntıları yaxud ABŞ və İsrailin himayə etdiyi qrupların birgə işi də ola bilər. Hər bir halda araşdırılıb mənbəyi tapılmalı və səbəbkarların cəzalandırılmasına nail olunmalıdır.
Misirdə, İordaniyada, İraqda, Livan və Suriyada xristianlarla müsəlmanlar ortaq tarixin, mədəniyyətin mənsubları olaraq çox mehriban yaşayıblar. Ancaq bəzi radikal qruplar və xarici təsirlər bu ölkələrdə din, məzhəb mənsublarını üz - üzə qoymağa cəhd edir, hətta terror aktları törədirlər.
Bu hadisəni qətiyyətlə pisləyir və terroru lənətləyirik. Müsəlman ölkəsində yaşayan Kitab Əhli amandadır, bərabərhüquqlu vətəndaşdır. Onlara qarşı hər hansı təcavüz, terror eynilə müsəlmanlara qarşı törədilmiş kimidir.
Ümid edirik ki, Suriya hökuməti belə hadisələrin təkrarlanmaması üçün müvafiq qabaqlayıcı tədbirlər görəcək.