Xəbər verdiyimiz kimi ABŞ ordusu İrana hücum edib. NBS News-un yaydığı məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirməsindən sonra Nyu-York sakinləri müharibəyə etiraz əlaməti olaraq küçələrə çıxıblar.
Qeyd edilir ki, Tramp administrasiyasının İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq şəhərin əsas meydanı olan "Tayms"la yanaşı ölkənin digər yerlərində də insanlar aksiya üçün toplaşıblar.
Telekanalın yaydığı videolarda “İrana qarşı müharibəni dayandırın” və “Tramp hərbi cinayətkardır” yazıları ilə Nyu York küçələrinə çıxan yüzlərlə etirazçı əks olunub.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb.
İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural