"Bloomberg" İranın Hörmüzü raketlərlə "bağlayacağını" yazdı

"Bloomberg" İranın Hörmüzü raketlərlə "bağlayacağını" yazdı
10:00

"Bloomberg" İran mövzusunda diqqət çəkən xəbər yayıb. Nəşr yazıb ki, İran Hörmüz boğazından keçən gəmilərə raket atmağa başlaya bilər.


"Cavab tədbiri kimi bir variant bölgədəki gəmiçiliyi kiçik, sürətli patrul qayıqları ilə sıxışdırmaq ola bilər. Yaxud da onlar dronları işə salıb, sahilyanı və ya daxili ərazilərdən gəmilərə raket zərbələri endirə bilərlər. Bu, kommersiya gəmilərinin bölgədən keçməsini olduqca riskli edə bilər", - qəzet yazıb.


"Bloomberg" xəbər verir ki, İranın Hörmüz boğazından daşınmaya mane olmaq üçün heç bir qanuni səlahiyyəti olmayacaq, buna görə də Tehran bunu zorla və ya güc təhdidi ilə etməli olacaq. Qeyd edək ki, söhbət Qərbə bağlı gəmilərdən gedir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb.

İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada