“The New York Times” İran mövzusunda diqqət çəkən xəbər yayıb. Nəşr yazır ki, Tehran ABŞ-nin İranın üç nüvə obyektinə hücumuna cavab olaraq Yaxın Şərqdəki Amerika bazalarını vura və ya ABŞ daxilində terror hücumları təşkil edə bilər.
Qəzet yazıb: “Ən çox ehtimal olunan variantlar arasında regionda Amerika hərbçilərinə hücumlar və ya İranın etibarlı nümayəndələrinin Qərbdə, potensial olaraq ABŞ-da terror hücumları kimi asimmetrik əməliyyatlar var”.
“The New York Times”dəki məqalədə qeyd edilib ki, münaqişənin bu mərhələsində İranın ali lideri Ayətullah Əli Xamenei cavab tədbirləri görməsə, o, “rejimin sərt xətt tərəfdarlarının rəğbətini itirə bilər”. Müəllif onu da vurğulayıb ki, vaxt çərçivəsi naməlum qalsa belə, İranın cavabı olduqca real görünür.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb.
İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural