İsrail ölkəni tərk etmək istəyənlər üçün uçuşlar təşkil edir

İsrail ölkəni tərk etmək istəyənlər üçün uçuşlar təşkil edir
09:20

İsrail iyunun 23-dən etibarən hava məkanı bağlandıqdan sonra ölkədə qalmış əcnəbi vətəndaşlara repatriasiya reysləri ilə ölkə ərazisini tərk etməyə icazə verəcək. Bu barədə The Times of Israel məlumat yayıb. Nəşr İsrailin nəqliyyat naziri Miri Regevə istinad edib.  

Məqalədə o da qeyd edilib ki, 100 mindən çox israillini xaricdən ölkəyə qaytarmaq üçün iyunun 18-dən repatriasiya uçuşları həyata keçirilir. İsrailin "El Al", "İsrair" və "Arkia" aviaşirkətləri atəşə tutulma təhlükəsi səbəbindən uçuşları yalnız gündüz saatlarında həyata keçirir. Təyyarələr Tel-Əvivin Ben Qurion hava limanına çatır, sərnişinləri düşürür və dərhal uçur.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada