Bu başdan onu qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında Prezident İlham Əliyevin Azərbaycanın 1993- cü ildən bəri keçdiyi tarixi inkişaf yolu ilə bağlı səsləndirdiyi fikirlər həmin dövrlə bağlı obyektiv reallığı əks etdirir. Prezidentin çıxışında heç bir ölkənin adı çəkilmir, keçmiş hadisələr dünyanın Azərbaycanla bağlı sərgiləmiş olduğu münasibətlər kontekstində izah olunur. Bu izahı düzgün oxumağa və anlamağa çalışmaq əvəzinə qaragüruh artıq bir neçə gündür ki, Prezidentin hara və kimə mesaj göndərdiyi ilə bağlı spekulyativ və kifayət qədər zərərli fərziyələr irəli sürmək yarışına çıxıb.
Mənim qənaətimə görə Prezident öz mesajlarını ilk növbədə ölkənin daxili auditoriyasına ünvanlayıb. Çünki ölkə ictimaiyyətinin hansısa bir məqamda pərdə arxasında baş verən və bilavasitə ölkəmizin taleyi ilə bağlı olan tarixi hadisələrdən xəbərdar olması vətəndaşlar tərəfindən milli maraqlarımızın doğru anlaşılmasına, düzgün müəyyənləşdirilməsinə və qorunmasına yardımçı olur.
Digər tərəfdən, Prezidentin səsləndirdiyi bu və ya digər açıqlamaların hansı ölkə ilə bağlı olduğunu anlamaq üçün həmin dövrün dəqiq tarixini və baş vermiş hadisələrin tam və doğru məzmunu bilmək lazımdır. Lakin bir qayda olaraq dövlət rəsmiləri və qurumları tərəfindən beynəlxalq səviyyədə aparılan danışıqların, mübahisələrin, əldə olunan sövdələşmələrin və s. mətni heç vaxt tam şəkildə açıqlanmır. Pərdə arxasında aparılan diskussiyalar, razılaşmalar və ya narazılıqlar yalnız həmin təmasların iştirakçılarına məlum olur. Odur ki, adi vətəndaşların bu hadisələrdən düzgün nəticə çıxarması və doğru, düzgün və məntiqli fikir yürütməsi o qədər də asan məsələ deyil. Bu açıqlamaların kimə və hara ünvanlandığını ilk növbədə həmin görüşlərin və danışıqların iştirakçıları bilirlər. Onlar da heç zaman sosial şəbəkəni çirkləndirən təbəqə ilə təmasda olmurlar. Odur ki, sıradan bir qəzetçinin, fəhlənin, mühəndisin, həkimin, ictimai fəalın və digərlərinin bu məsələlərdə qəti fikir söyləmək iddiası əsassızdır, sadəcə avamlıq və nadanlıq əlamətidir.
Əlbəttə, ictimaiyyətin təmsilçiləri öz ehtimallarını irəli sürə bilərlər. Amma hətta ehtimal irəli sürmək üçün də ən azından o illərin hadisələrini, baş vermiş hadisələrlə bağlı müxtəlif ölkələr və ya siyasətçilər tərəfindən o zamanlarda və sonralar verilmiş açıqlamaları, bəyanatları öyrənmək və xronoloji qaydada izləmək, mümkün sənədlərlə tanış olmaq və daha sonra hansısa bir nəticə çıxarmaq mümkündür. Lakin aydın məsələdir ki, bu hay- küyü yaradanların heç biri nə fiziki, nə intelektual cəhətdən bu imkanlara malik deyillər.
Bəs Prezidentin hansı ölkələrə və ya siyasi liderlərə mesaj verməsi haqqında hansı qənaətləri ehtimal etmək olar? Bu mesajların həqiqi ünvanları kimlər ola bilər?
Yazımın əvvəlində artıq qəti əmin olduğum ünvanlardan birini açıqladım. Bu ilk növbədə Azərbaycan ictimaiyyətidir. Hər bir Azərbaycanlı öz tariximizi və xüsusilə yaxın keçmişimizlə bağlı tarixi həqiqətləri dəqiq bilməlidir. Ona hörə də Prezident yeri gəldikcə bir sıra tarixi həqiqətləri ictimaiyyət üçün açıqlayır və ya xatırladır.
İkinci ünvan hələ 1980- ci illərin sonundan etibarən erməniləri Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirmiş, təlimatlandırmış, lazımi silah- sursatla təmin etmiş və hətta öz silahlı qüvvələri ilə Qarabağ ərazisinin işğalına faktiki hərbi dəstək göstərmiş Rusiyadır. Yeltsin Rusiyası tərəfindən dəyəri milyardlarla ölçülən silah-sursatın Ermənistana pulsuz verildiyi halda Yeltsindən sonrakı dövrdə həmin silah- sursatın Azərbaycana ikiqat qiymətə satıldığı məlum faktdır. Burada onu xatırlamaq kifayətdir ki, bu faktların hələ o zaman Rusiya generalı Roxlin tərəfindən ifşa və bəyan edilməsi ona həyatı bahasına başa gəlmişdi. Odur ki, Prezidentin çıxışındakı məlum eyhamların bir qisminin məhz Rusiyaya aid olduğu qətiyyən şübhə doğurmur.
Üçüncü ünvan həmin illərdə və elə indi də sözdə müstəqilliyimizi və ərazi bütövlüyümüzü dəstəklədiyini bəyan edərək pərdə arxasında torpaqlarımızın işğalına yardım edən, Azərbaycanı hələ də öz protektoratında görməyə cəhd göstərən, bizə “həyat tərzi”öyrətməyə iddialı olan İran İslam Respublikasının dini- mühafizəkar idarəçilik strukturlarıdır. İran 30 il ərzində erməni işğalını dəstəkləməklə Azərbaycanı itaətə sövq etməyə çalışıb və bu gün də hakimiyyətin verdiyi bəyanatlarla əməlləri arasında diametral fərq var. İran hakimiyyətinin mühafizəkar qanadının Ermənistan - Azərbaycan münasibətlərinin normallaşmasına törətdiyi əngəllər, Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən əsassız iddialar, Azərbaycan- İsrail münasibətlərini şərləmək cəhdləri, ölkəmizdə şəbəkələndirdiyi 5- ci kolon vasitəsilə dünyəvi həyat tərzinə qarşı apardığı mübarizə İranın Azərbaycana qarşı göstərdiyi hibrid təhdidlərdir. İran hakimiyyəti elə davranır ki, sanki onlar Azərbaycanın apardığı daxili və xarici siyasətə qarışmaq, münasibət bildirmək və hətta düzəlişlər təklif etmək hüququna malikdirlər. İran kakimiyyətinin ölkəmizə münasibəti sanki Azərbaycana nəyi necə etmək lazım gəldiyini diktə etməyə bənzəyir. Bu isə müstəqil Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan Respublikasında nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən öz lideri var. Və o bunu müxtəlif real vəziyyətlərdə dəfələrlə sübut edib. Odur ki, Prezidentin çıxışının bəzi məqamların, xüsusilə də “bizim işlərimizə qarışmasınlar, həyat tərzimizə burnunu soxmasınlar” kimi ifadələrin məhz İranla bağlı olduğunu düşünmək daha məntiqli görünür.
Dördüncü ünvan 80- ci illərin sonu və 90- cı illərin əvvəllərində torpaqlarımızın ermənilər tərəfindən işğalına açıq və gizli şəkildə siyasi - mənəvi dəstək verən Avropadır. 25 yanvar 2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması Azərbaycan dövlətində və cəmiyyətində işğala son qoyulması ilə bağlı böyük ümidlər yaratmışdı. Lakin çox keçməmiş Avropa institutlarının qərəzli yanaşması və əsasən bu münaqişəyə xristian həmrəyliyi prizmasından baxılması ilk növbədə bir milyon qaçqının ümidlərini puça çıxardı. Zaman keçdikcə ərazidə formalaşmış status-kvonu Azərbaycan dövlətinə və xalqına qəbul etdirmək cəhdləri daha aydın görünməyə başladı. O zaman Azərbaycan siyasi hakimiyyəti bütün siyasi təzyiqlərə baxmayaraq mövcud status-kvonun qəbulolunmaz olduğunu qəti şəkildə bildirdi. Məhz o zaman Avropanın Azərbaycana təzyiqləri və işğalçı Ermənistana dəstəyi daha açıq şəkil almağa başladı. Bunu anlamaq üçün hərbi cinayətkar Robert Koçaryanın Avropa Parlamenti tərəfindən ayaq üstündə alqışlanmasını, bütün işğal dövründə beynəlxalq erməni diasporunun vəsaitləri hesabına Azərbaycana qarşı davamlı olaraq qarayaxma kampaniyalarının təşkil olunmasını xatırlamaq kifayətdir. Avropa Parlamentində və AŞPA sessiyalarında Azərbaycanla bağlı aparılan sifarişli müzakirələr, qəbul olunan qərəzli qətnamələr işğal dövründə dünya erməniliyi ilə Avropanın rəsmi strukturları arasında aparılan və Azərbaycan Respublikasının imicini zədələməyə hesablanmış işbirliyinin nəticələridir. Vətən müharibəsindəki qələbəmizdən sonra uzun müddət Avropa qurumlarında ölkəmizə qarşı istifadə olunmuş muzdlu siyasətçilərin bir çoxu daşı ətəyindən töküb indiyədək əldə etdiyi qazanclarla “döyüş bölgəsini” tərk etdilər. Lakin “müqəddəs yer boş qalmaz” deyiblər. Onların yerlərini dərhal Luis Moreno Okampo, Frank Şvabe kimi yeni yetişmiş rüşvətxorlar tutmağa çalışdılar və bu gün də çalışmaqdadırlar.
Nəhayət, iradların beşinci ünvanı ərazilərimizin Rusiya-Ermənistan tandemində xarici qüvvələr tərəfindən işğal olunduğu dəqiq bilindiyi halda 1992- ci ildə “Azadlığa Dəstək Aktına” 907- ci düzəlişi qəbul etməklə ölkəmizi hər cür yardımdan və hərbi əməkdaşlıqdan məhrum etmiş ABŞ Konqresidir. 1992-ci ildə 15%-dən çox ərazisi işğal olunmuş, çoxu mülki şəxs olmaqla 11 mindən çox vətəndaşı qətlə yetirilmiş, 4 mindən çox vətəndaşı itkin düşmüş Azərbaycan bütün dünyadan ədalət və real dəstək gözlədiyi halda Con Makkeyn, Con Kerri və Veyn Ovens kimi senatorların təşəbbüsü və təkidi ilə ABŞ Konqresində “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul edilmiş və bu düzəlişə əsasən Azərbaycan Respublikası ABŞ tərəfindən yeni müstəqillik qazanmış dövlətlərə ayrılan maliyyə yardımından məhrum edilmişdi. Sonralar Robert Menendes, Frank Pallone kimi rüşvətxor senatorlar da bu təşəbbüsə qoşularaq uzun müddət Azərbaycan torpaqlarının işğalının dəstəklənməsinə öz “töhfələrini” verdilər. Nəhayət, 2025-ci ilin yanvarında həyat yoldaşı erməni millətindən olan Robert Menendes Nyu-York məhkəməsinin qərarı ilə rüşvətxorluğa, xarici ölkə lehinə agentliyə və ədalət mühakiməsinə mane olmaq cəhdlərinə görə 11 il müddətinə azadlıqdan məhrum edildi. Bu gün də ABŞ Konqresində Amerika erməni lobbiçilərindən rüşvət alaraq Azərbaycana təzyiq kampaniyaları təşkil etməyə cəhd edən senatorlara rast gəlmək mümkündür.
Beləliklə, Prezidentin çıxışında səsləndirilən fikirləri Azərbaycana qarşı aparılan qarayaxma və təzyiq kampaniyaları ilə qarşılaşdırdıqda mesajların kimə və hara ünvanlandığını ehtimal etmək o qədər də çətin deyil. Göründüyü kimi, mümkün ünvanlar arasında Türkiyənin adı yoxdur və ola da bilməz. Buna baxmayaraq hazırda bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə Prezident tərəfindən səsləndirilmiş fikirlərin guya Türkiyə ilə bağlı olduğunu iddia edənlər var və onlar çox dərin yanılırlar. Üstəlik, bu mesajların Türkiyəyə ünvanlandığını iddia edənlər dolayısı ilə həmin dövrdə Türkiyənin guya Azərbaycan dövlətinə qarşı fəaliyyət apardığını təsdiq etmiş olurlar. Bu isə həqiqətə uyğun deyil. Həmin dövrdə Türkiyənin siyasi, iqtisadi, hərbi və s. İmkanları bu günkündən məhdud ola bilərdi. Amma bütün bunlara baxmayaraq Türkiyə qardaş Azərbaycana qarşı hər hansı addım ata bilməzdi və atmayıb da. Əksinə, elə həmin dövrdə də və sonrakı illərdə də dünya miqyasında Azərbaycanı dəstəkləyən, onun müstəqilliyinin qorunub saxlanmasına səy göstərən yeganə dövlət məhz Türkiyə Cümhuriyyəti olub. Bu sadəcə ehtimal deyil, həm Türkiyədə, həm də Azərbaycanda hər kəsə bəlli olan bir həqiqətdir. Bu 30 ildən çox müddət ərzində Azərbaycanla Türkiyə arasında qarşılıqlı münasibətlərin və fəaliyyətlərin məzmunundan və mahiyyətindən irəli gələn qəti qənaət və tarixi faktdır. Bütün bunları bildiyimiz halda Türkiyənin bəzi media vasitələrində qaldırılan və Azərbaycanda da bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən “ züy tutulan” bu hay- küyün haradan və kimdən qaynaqlandığını da ehtimal etmək çətin deyil. Mənim qənaətimə görə Türkiyədə Azərbaycan əleyhinə və Azərbaycanda isə Türkiyə əleyhinə narazılıq ritorikasını gündəmə gətirənlər məhz Prezidentin mesajlarının ünvanlandığı ölkələrin Türkiyədə və Azərbaycanda çalışdırdığı 5- ci kolon təmsilçiləridir. Həmin şəxslər nə Türkiyəyə, nə də Azərbaycana xidmət edir. Zənnimcə, onlar bu tapşırığı məhz mesajların ünvanlandığı ölkələrin xüsusi xidmət orqanlarından alıblar və Türkiyə- Azərbaycan münasibətlərini zədələmək istiqamətində öz işlərini görürlər. Bu Türkiyə və Azərbaycan əleyhinə çalışan qüvvələrin beynəlxalq səviyyədə həyata keçirmək istədikləri bir pozuculuq əməliyyatıdır. Bu xalqımıza düşmən kəsilən qüvvələrin böyük türk dünyasının ortaq gələcəklə bağlı bəslədiyi bütün ümidləri beşiyində boğmaq istiqamətində göstərdiyi cəhdlərdən biridir. Biz isə buna yol verə bilmərik.