Peyğəmbər oxuma - yazma bilirdimi? - Tural İrfan yazır

Peyğəmbər oxuma - yazma bilirdimi? - Tural İrfan yazır
07 Okt 2024 08:59
Həzrət Muhəmməd salavatullahın yazıb oxumaq bilmədiyi İslam mənbələrində əks olunub. Qurana görə də o "ümmi", (təhsil, tədris görməmiş) idi.
"Sən bundan əvvəl nə bir kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər." (Ənkəbut surəsi, 48)
Hətta Hudeybiyyə sülh müqaviləsini İmam Əliyə (ə) yazdıranda müşriklər Allahın Rəhman və Rəhim adlarına etiraz etdilər. Sonra onun adının Allahın elçisi olaraq yazılmasına etiraz etdilər. Bu zaman Peyğəmbər Həzrət Əliyə o kəlimələri çıxarmağı əmr etdi. Lakin Peyğəmbərin diktəsinin müşriklər tərəfindən dəyişdirilməsini qəbullana bilməyən Həzrət Əli Peyğəmbərin adını yazıdan silmək istəmədi. Bu zaman Peyğəmbər ona dedi ki, onların etiraz etdiyi yazılan hissəni göstər mən özüm silim. Yazılan əşyada həmin yeri göstərdilər, Peyğəmbər o hissəni özü sildi.
Buradan da məlum olur ki, Peyğəmbər yazıb oxumaq bilmirdi. Ancaq bu, onun savadsız, zəkasının, ağlının zəif, naqis olduğunu göstərmirdi, əksinə yazı-pozu bilməyən fitri istedadlı bir adamın Quran kimi möcüzəni qavramasını, əzbərləməsini, yadda saxlamasını sübut edirdi.
İndi bir qism adam əslində Peyğəmbərin guya yazıb oxumaq bildiyini, ancaq özü bunu gizlətdiyini deyirlər. Bu, tamamilə yanlışdır. Peyğəmbər səmimi idi və bunu Quran təsdiq edir. Əgər o oxumaq, yazmaq bilsə idi ərəblər mütləq onu ifşa edərdilər ki, sən bu kitabı oradan- buradan oxumusan. Ancaq onlar Peyğəmbərə qarşı belə iddia etmirdilər. Sadəcə deyirdilər ki, o dəlidir, ona cinlər məlumat gətirir. Yaxud da kimsə ona bunları danışıb öyrədir, gah da deyirdilər o şairdir və. s.
Ziyalılıq, nüfuz, zəka, istedad, peyğəmbərlik oxumaq - yazmaq bilməklə təsdiq olunmur. Yazıb oxuya bilməyən adam təhsilsiz olsa da savadsız demək deyildi o dövr üçün. Onun yazı bildiyini deyənlər o fikrə yaxınlaşırlar ki, Quranı haradansa oxuyub öyrənib, sadəcə bunu gizlətmək üçün yazı bilmədiyini iddia edib. Peyğəmbər bu iftiralardan çox uzaqdır.
Tarixdə onun yazı yazdığına dair, kitab oxuduğuna dair bircə kəlmə də yoxdur. Quranın ilk surəsindəki "oxu" əmri isə "sənə vəhy ediləni qiraət et, öyrən, yadda saxla" mənasındadır və eyni zamanda ümumi əmrdir. Yəni kitab əlinə çatan adamın onu oxumalı olduğunu bildirir. Quran ümumi insanlar üçün nazil olurdu, təkcə Peyğəmbər üçün deyil. Ona görə Peyğəmbərə xitab olunan əmrlərin əksəriyyəti eyni zamanda bütün müsəlmanları, bəzən də bütün insanları nəzərdə tutur, onlara şamil edilir, onlara xitab olunurdu. Quran nazil edilərkən onu unuda biləcəyindən narahat olan Peyğəmbər tələsik təkrar edirdi. Amma Allah təala ona Quranda buyurdu:
"(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək (qavramaq) üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!"
(Qiyamət surəsi 16-19)
Əgər yazmaq bilsəydi bir dəri, yarpaq, kağız götürüb yanına qoyardı, vəhy gələndə də qeyd edərdi. Yaxud vəhydən sonra katiblərə yazdırmaz, özü yazardı.
Katiblərə yazdırsa da sonra oxudardı, qulaq asardı. Hətta qəsdən yanlış yazan, təhrif etmək istəyən katiblər də olurdu ki, Peyğəmbər bunu ya vəhylə yaxud da digərlərinə oxutmaq yolu ilə öyrənən kimi həmin katibləri uzaqlaşdırıldı. Muabiyyənin də qəsdən yanlış yazmaq istədikdən sonra uzaqlaşdırıldığı deyilir. Quran yazan katiblər ayrı, məktub, müqavilə yazanlar isə başqa idi. Quran yazanlar daha etibarlı, daha sağlam adamlar idi. Abdullah bin Umm Məktum, Ubey bin Kəb, Əli bin Əbu Talib, Ömər bin Xəttab, Abdullah bin Məsud, Zeyd bin Sabit, Əbu Bəkr bin Əbu Quhafənin Quranın vəhy katiblərinin məşhurları olduğu mənbələrdə qeyd olunur.
Məkkə müşrikləri hər yola əl atıb onu missiyasından daşındıra bilmədikdə agentlər, casuslar göndərirdilər. O şəxslər üzdə guya İslamı qəbul edirdilər, ancaq müsəlmanların sirlərini öyrənib aradan çıxmağa cəhd edirdilər və ya katiblik edərək Quranı yanlış yazmağa çalışırdılar. Peyğəmbər isə onları ifşa edib uzaqlaşdırırdı.
O şəxslərdən biri də Abdullah bin Səd Əbu Sərh idi. O Osman bin Əfvanın süd qardaşı idi. Mədinəyə gəlib İslamı qəbul etdiyini dedi və yazı bildiyi üçün vəhy katibliyinə buraxıldı. "Miminun" surəsinin 14-cü ayəsinin sonundakı "Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" hissəsini Peyğəmbərin diktəsindən əvvəl tələffüz etdi, Peyğəmbər də ayənin məhz o cür nazil olduğunu, onu elə o cür də yazmasını əmr etdi. Abdullah bundan sonra şəkkə düşdü və dindən dönüb geri, Məkkəyə qaçdı, orada müşrikləri müsəlmanlara qarşı qızışdırmağa başladı.
Nəhayət Məkkə fəth ediləndə cəzalanmalı olanların siyahısında olduğu üçün yenidən müsəlman olub süd qardaşı, Peyğəmbərin kürəkəni Osman bin Əfvana sığındı. O da Peyğəmbərə minnətçi düşdü. Qısa tərəddüddən sonra Peyğəmbər onu əfv etdi.
Ancaq Abdullah ikinci xəlifə zamanında Misirdə vəzifə daşıdı, fəthlərdə iştirak edib müsbət işlər gördü və Fələstinin (indiki İsrail) Əskəlan (Aşkelon) şəhərində vəfat etdi.
Son olaraq qeyd edək ki, Peyğəmbərin oxuma, yazma bilməməsi onun Peyğəmbər olaraq mənfi yox, müsbət məziyyətlərindəndir. Əksinə onun bunu bacarıb bu xüsusiyyətini gizlətdiyini iddia etmək Peyğəmbərin ali sifətlərinə töhmətdir.
Peyğəmbər yazıb oxumaq bilsəydi tarixdə ona yazı öyrədənin adı çəkilərdi, oxuyub yazdığını görən bircə nəfərdən rəvayət gələrdi. Ən əsası isə yazı bilsəydi onun yazmağı olduğu ilk mətn Quranın özü idi. Onu da Peyğəmbər deyil, katiblər yazırdı.
Tural İrfan, MCP-nin sədr müavini

Youtube kanalımız

Oxşar xəbərlər