Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli özünüdərkini, tarixi yaddaşını və gələcəyə inamını bərpa etdi
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay
mövcud olsa da, müsəlman Şərqində demokratik dövlət quruculuğunun və hüquqi
dövlət ənənələrinin təməlini qoydu. Onun fəaliyyəti gələcək müstəqil
dövlətçiliyin ideoloji və siyasi bazasını formalaşdırdı. AXC-nin fəaliyyəti
dövründə həyata keçirilmiş bir sıra fundamental addımlar var idi. AXC
parlamentli respublika formasını qəbul etdi. Parlamentdə fərqli siyasi
partiyalar və milli azlıqların nümayəndələri təmsil olunurdu — bu, o dövr üçün
Şərqdə misilsiz idi.
AXC qadınlara seçki və seçilmək hüququ verən ilk
müsəlman ölkəsi oldu (1919). Milliyyət, din, cins və sosial mənşəyindən asılı
olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanındı. Hüquqi dövlət quruculuğu
üçün əsaslar yaradıldı. Məhkəmələrin müstəqilliyi və ədalət prinsipinə
əsaslanması nəzərdə tutuldu. AXC maarifin inkişafına böyük önəm verdi. Bakı
Dövlət Universiteti təsis edildi (1919) — bu da milli intellektual potensialın
əsasını təşkil etdi.
AXC-nin fəaliyyəti ilə müsəlman dünyasında dünyəvi
və demokratik dövlət modelinin mümkünlüyü sübut edildi. İslam aləmində qadın
hüquqları və parlamentarizm kimi anlayışların praktik tətbiqi göstərildi.
Azərbaycan Xalq Cümhuriyyəti tarixdə qısa, lakin
təsirli bir iz qoydu. O, həm Azərbaycanın gələcək müstəqilliyinə ideoloji zəmin
yaratdı, həm də bütün Şərqdə demokratiya, insan hüquqları və hüquqi dövlət
anlayışlarının yayılmasınamyol açdı.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız demokratik
quruluşla deyil, həm də milli dövlətçilik ənənələrinin yeni və müasir
səhifəsini açmaqla tarixə düşmüşdür. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu
dövrdə atılan əsaslı addımlar Azərbaycanın gələcək müstəqil dövlətinin
əsaslarını formalaşdırdı. AXC dövründə ilk dəfə olaraq Azərbaycan vətəndaşlığı
anlayışı rəsmi hüquqi status aldı. Bütün millətlərin və dinlərin nümayəndələri
vətəndaşlıq hüququ qazandılar – bu, həm vətəndaş cəmiyyətinin, həm də dövlətin
inklüzivliyini təmin edirdi.
AXC Azərbaycan Milli Ordusunun əsasını qoydu.
1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və yerli
qüvvələrin iştirakı ilə Bakı azad edildi. Ordunun təşkili müstəqil dövlətin
təhlükəsizliyinin təmin olunmasında və dövlət suverenliyinin qorunmasında
mühüm rol oynadı.
Xarici işlər, daxili işlər, maliyyə, ədliyyə,
maarif və digər nazirliklər yaradıldı.
Dövlət dili kimi Azərbaycan dili qəbul edildi – bu
da milli kimliyin möhkəmləndirilməsinə yönəlik mühüm addım idi. Bakı Dövlət
Universiteti açıldı (1919) — bu, dövlətçiliyin elmi və intellektual dayağını
təmin etmək üçün mühüm addım idi. Bu tədbirlər, AXC-nin müstəqil, hüquqi və
suveren dövlət qurmaqn istəyini ortaya qoydu. Hər bir addım — vətəndaşlıqdan
tutmuş ordunun yaradılmasına qədər — dövlətçilik şüurunun formalaşması və
oturuşması baxımından böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə siyasi və
hüquqi baxımdan deyil, mənəvi və ideoloji cəhətdən də xalqımız üçün dərin və
tarixi əhəmiyyətə malik oldu. AXC-nin yaranması ilə xalq milli kimliyini,
özünüdərkinin və azadlıq hissinin ifadəsini dövlət səviyyəsində yaşamağa
başladı.
İlk dəfə olaraq xalq "Azərbaycan" adında
müstəqil dövlət qurdu. Bu adın rəsmi şəkildə dövlət adına çevrilməsi, xalqın
milli kimliyini, tarixi yaddaşını və coğrafi varlığını qəbul etməsi demək idi.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli özünüdərkini, tarixi yaddaşını və
gələcəyə inamını bərpa etdi. Bu, təkcə bir dövlət qurmaq deyil, milli ruhun
oyanışı idi.
İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu
Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında
rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası
qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın
atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə
qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Bu, müstəqil Azərbaycan
dövlətçiliyi tarixində mühüm dönüş nöqtəsidir. Həmin dövrdə hələ Azərbaycan SSR
tərkibində olan ölkədə bu qərar müstəqilliyə ilk rəsmi addım kimi
qiymətləndirildi. Üçrəngli bayrağın qaldırılması ilə xalqın milli oyanışı,
azadlıq ruhu və tarixi yaddaşı gücləndi. Bu hadisə 1991-ci ildə müstəqilliyin
bərpasına aparan yolda simvolik bir mərhələ oldu. Heydər Əliyevin həmin tarixi
addımı ilə milli dövlətçilik simvolu olan bayrağımız yenidən rəsmi şəkildə
tanındı, Azərbaycanın müstəqilliyə gedən yolunda əvəzolunmaz ideoloji və siyasi
əsas qoyuldu. Bu hadisə həm də 17 Noyabr – Milli Dirçəliş Günü kimi tarixə
düşdü. Ümummilli Lider Heydər Əliyev bildirib ki, Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan
etməsi heç də təsadüfi hadisə deyildi: “Hələ XIX əsrin ikinci yarısında, XX əsrin
əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının
fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri
get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun
qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar”.
1993-cü Ulu Öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar olundu. Dövlət institutları,
qanunvericilik və məhkəmə sistemləri formalaşdırıldı. Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycan tarixin yeni bir inkişaf mərhələsinə qədəm qoydu.
Müstəqilliyini yenicə bərpa etmiş, iqtisadi və siyasi baxımdan zəif olan bir
ölkə, onun dərin zəkası, strateji düşüncəsi və qətiyyətli siyasəti nəticəsində
qısa müddətdə beynəlxalq aləmdə tanınan və hörmət edilən bir dövlətə çevrildi.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi
Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli mərhələ olan, Şərqdə
ilk parlamentli respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin
əhəmiyyətinin daim yüksək tutulduğunu göstərir. Bu addım həmçinin xalqımızın
zəngin dövlətçilik ənənələrinə , müstəqillik uğrunda mübarizəyə və demokratiya
dəyərlərinə böyük hörmət və ehtiramın ifadəsidir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə
dövlətimiz müstəqillik tarixinə, milli kimliyə və demokratik ənənələrə
hörmətini göstərir. Bu il boyunca keçirilən tədbirlər, təhsil proqramları və
digər fəaliyyətlər Azərbaycan xalqının milli şüurunun, vətənpərvərlik ruhunun
güclənməsinə xidmət etdi. Dövlətçilik ənənələrinin qorunması və davam
etdirilməsi ilə gələcək nəsillərə milli azadlıq və müstəqillik irsi ötürülür.
Bu təşəbbüs Azərbaycan dövlətçiliyinin davamlı inkişafının, milli tarix və
mədəniyyətə hörmətin ifadəsi olmaqla yanaşı, xalqımızın öz keçmişinə
bağlılığının, eyni zamanda gələcəyə inamının göstəricisidir. Prezident İlham
Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi:
“Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.
Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk
demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş
torpaqlarda dalğalanması xalqımızın birliyi və gücünün simvoludur. Tarixin,
ədalətin və milli iradənin təntənəsidir. Və ən əsası Ulu Öndərin başladığı
dövlətçilik yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam
etdirilməsidir.
Səyavuş Qasımov,
Avrasiya
Universitetinin rektoru,
siyasi elmlər üzrə
fəlsəfə doktoru, dosent