“Ukraynanın dörd bölgədən imtina etməsi real görünmür”- Aytən Qurbanova

“Ukraynanın dörd bölgədən imtina etməsi real görünmür”- Aytən Qurbanova
27 May 2025 14:55

Rusiyanın işğal etdiyi ərazilərlə bağlı şərtlər yerinə yetirilmədən, nə uzunmüddətli atəşkəsin, nə də sülh müqaviləsinin imzalanması real görünmür.

Bu barədə politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həm Rusiya, həm də Ukrayna öz şərtlərini formalaşdıraraq sülh danışıqlarına və mümkün atəşkəs razılaşmasına bu şərtlər daxilində razı ola biləcəklərini açıq şəkildə ortaya qoyurlar.

“Ən ciddi mübahisə doğuran məqam Rusiyanın dörd bölgəsinin – o cümlədən Krımın – Rusiya ərazisi kimi Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən tanınması tələbidir. Bu, Kremlin müharibəni başlatmaq üçün irəli sürdüyü əsas səbəblərdən biridir və bu şərtin qəbul olunması Ukraynanın haqsız olduğunu dolayısı ilə etiraf etməsi anlamına gələcək,” – deyə Aytən Qurbanova bildirib.

Politoloqun fikrincə, bu tələbin qəbul edilməsi Ukraynanın ərazi bütövlüyündən imtina etməsi və Rusiyanın müharibəyə başlamaqda haqlı olduğunu təsdiqləməsi mənasına gəlir. Bu isə Ukrayna üçün qəbulolunmazdır.

“Hazırda sülhə gedən yolda tərəflərin mövqeləri çox sərtdir. Rusiyanın digər tələbi isə işğal etdiyi ərazilərdə tam nəzarəti əlində saxlamaqla bağlıdır. Bu bölgələr Rusiya üçün həm strateji, həm də maliyyə baxımından önəm daşıyır,” – deyə politoloq əlavə edib.

Aytən Qurbanova hesab edir ki, bu şərtlər daxilində kompromis əldə olunması çətin görünür və tərəflər arasında etibarlı atəşkəs üçün ciddi siyasi iradə və üçüncü tərəflərin daha aktiv vasitəçiliyi tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada