Türkiyədə "Ahbap" Dərnəyi vasitəsilə toplanan ianələrin təyinatından kənar istifadə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur barəsində həbs qətimkan tədbiri seçilib.
News365.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun araşdırması əsasında saxlanılan 10 nəfərin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Oğuzhan Uğurla yanaşı, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün də həbs edilib.
İstintaq "cinayətkar təşkilat yaratmaq", "ağır dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" maddələri üzrə davam etdirilir. Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və MASAK-ın hazırladığı hesabatlarda şübhəlilərin rəsmi gəlirləri ilə uyğun gəlməyən iri həcmli pul köçürmələri həyata keçirdikləri iddia olunur.
Araşdırma materiallarına görə, şübhəlilər arasında böyük məbləğdə maliyyə əməliyyatları aparılıb, qumar hesablarına yüksək məbləğlər köçürülüb və qısa müddət ərzində çoxsaylı daşınmaz əmlak alqı-satqısı həyata keçirilib.
Xatırladaq ki, iyulun 12-də keçirilən ilk əməliyyat zamanı "Ahbap" Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla 17 nəfər saxlanılmışdı. Son əməliyyatlardan sonra iş üzrə həbs olunanların sayı 18 nəfərə yüksəlib.
İstintaq çərçivəsində "Ahbap" Dərnəyinin və bəzi şübhəlilərin aktivləri üzərinə də həbs qoyulduğu bildirilib.