“Nobeldən də vacibdir” – Əziz Sancardan gənclərə mühüm mesaj

“Nobeldən də vacibdir” – Əziz Sancardan gənclərə mühüm mesaj
12:32

Bu gün Türk dünyasının tanınmış alimi, kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Sancarın 80 yaşı tamam olur.

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında alimlə bağlı paylaşım edib.

O qeyd edib ki, Əziz Sancarla şəxsən tanış olmaq və onunla ünsiyyət qurmaq imkanı əldə etdiklərinə görə UNEC-in rektoru, professor Ədalət Muradova təşəkkürünü bildirir.

Etibar Əliyev paylaşımında Əziz Sancarın həyat və elmi fəaliyyətindən də bəhs edib. Bildirib ki, alim 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur rayonunda anadan olub. Orta təhsilini Mardində başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olan Sancar ali təhsilini yüksək nəticələrlə tamamlayıb və iki il Savurda həkim işləyib.

Daha sonra elmi fəaliyyətini davam etdirmək üçün ABŞ-a gedən Əziz Sancar 1977-ci ildə Dallasdakı Texas Universitetində molekulyar biologiya üzrə doktorantura təhsilini başa vurub. Doktorluq dissertasiyasını isə Yel Universitetində DNT üzrə müdafiə edib.

1982-ci ildən Şimali Karolina Universitetində biokimya və biofizika sahəsində fəaliyyət göstərən alim DNT, hüceyrə quruluşu, xərçəngin müalicəsi və bioloji saatla bağlı mühüm araşdırmalar aparıb.

Etibar Əliyev Əziz Sancarın gənclərə tövsiyələrini də diqqətə çatdırıb. O bildirib ki, alim gəncləri elmə maraq göstərməyə, analitik və kreativ düşünmə bacarıqlarını inkişaf etdirməyə, davamlı çalışmağa və uğursuzluqlar qarşısında ruhdan düşməməyə çağırır.

Əziz Sancarın fikirlərinə görə, uğurlu elm adamı biliyə əsaslanan yaradıcılığa, ciddi əməksevərliyə və uğursuzluqlar qarşısında dözümlülüyə malik olmalıdır.

Alim həmçinin gənclərə yaxşı müəllim və məsləhətçilər seçməyi, müasir texnologiyaları öyrənməyi, xaricdə təhsil və tədqiqat imkanlarından yararlanmağı, lakin son nəticədə öz ölkələrinə qayıdaraq xidmət etməyi tövsiyə edir.

Sancar elmə yalnız maddi qazanc vasitəsi kimi yanaşmağın doğru olmadığını vurğulayaraq, elmin insanlara və ölkəyə xidmət olduğunu bildirib. O, gənclərə təvazökar olmağı, gündəlik siyasət və dedi-qodulardan uzaq durmağı, vətən sevgisini qorumağı tövsiyə edib.

Əziz Sancar bildirib ki, insanın ailəsi, insanlığa və ölkəsinə xidməti Nobel mükafatından belə daha vacibdir.

Etibar Əliyev paylaşımında UNEC tərəfindən nəşr olunan “Aziz Sancarın Nobel bioqrafiyası” kitabını da qeyd edib və kitabda yer alan alimin fikirlərindən birini xatırladıb.

Paylaşımda Əziz Sancarın elmi fəaliyyətini Yunus Əmrənin yaradıcılığı ilə müqayisə etdiyi fikrə də yer verilib.


Sizin reklam burada
Sizin reklam burada