Sosioloq: “Boşanmaların sayında azalma müşahidə olunmayacaq, əksinə, artım tendensiyası güclənəcək”
Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.
Rəqəmlərə əsasən, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a qədər azalıb. Görünən odur ki, nikah göstəriciləri artma, boşanma göstəriciləri isə azalma meyli nümayiş etdirir. Bu dinamika ilk baxışdan pozitiv sosial dəyişiklik kimi qəbul olunsa da, arxa planda daha kompleks sosial və psixoloji faktorların durduğu ehtimal edilir.
Sosioloqların fikrincə, nikahların sayında müşahidə olunan artımın əsas səbəblərindən biri pandemiya dövründə təxirə salınmış nikahların 2023-cü ildən etibarən reallaşdırılmasıdır. Xatırladaq ki, COVID-19 pandemiyası illərində bir çox cütlük toylarını və nikah mərasimlərini ya ləğv etmiş, ya da qeyri-rəsmi şəkildə, yalnız ailə dairəsində qeyd etməyə məcbur olmuşdu. Karantin rejimi, qadağalar, sosial məsafə tələbləri və iqtisadi qeyri-sabitlik səbəbilə nikaha daxil olma qərarı təxirə salınmışdı.
Lakin 2023-cü ildən başlayaraq ölkədə sosial və iqtisadi sabitlik qismən bərpa olunub. Tədbirlərə icazələrin verilməsi, şadlıq evlərinin yenidən fəaliyyətə başlaması, toy bazarının aktivləşməsi və gənclər arasında nikaha marağın artması nəticə etibarilə rəsmi nikahların sayına da birbaşa təsir göstərib.
Digər tərəfdən, toy sənayesinin canlanması da bu artımı şərtləndirən mühüm faktorlardan biridir. Bankların toy kreditləri təklif etməsi, şadlıq saraylarının müxtəlif endirim kampaniyaları, restoran və musiqi xidmətlərinin geniş çeşiddə əlçatanlığı cütlüklərin nikaha daxil olmasını asanlaşdırır.
Eyni zamanda, son illər ailə dəyərlərinin, valideyn məsuliyyətinin və milli-mənəvi birlik prinsiplərinin müxtəlif səviyyələrdə, o cümlədən mediada, sosial şəbəkələrdə, təhsildə və dini tribuna vasitəsilə təbliğ olunması da nikahların artmasına səbəb olan amillər sırasındadır. Gənclər arasında ailə qurmağa dair pozitiv düşüncə tərzinin gücləndirilməsi nikah qərarlarını daha tez və qətiyyətlə qəbul etməyə imkan verir.
Sosioloqlar qeyd edir ki, statistik artımı izah edən mühüm faktorlardan biri də son aylarda gündəmə gəlmiş qohum nikahlarının qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləridir. Məlum olduğu kimi, 2025-ci il 1 iyul tarixindən etibarən birinci və ikinci dərəcəli qohumlar arasında nikahların bağlanması qanunla qadağan ediləcək.
Bu xəbərin yayılması cəmiyyətin bəzi təbəqələrində təşviş və tələsik qərarlarla müşayiət olunub. Xüsusilə qohum olan nişanlı cütlüklər arasında nikahın qanuni şəkildə baş tutması üçün “qanun qüvvəyə minməmiş evlənək” psixologiyası müşahidə olunub. Bu da qısa müddətdə nikah statistikasında süni sıçrayış yaradıb.
Halbuki hüquqşünasların da bildirdiyi kimi, qanunvericilik dəyişiklikləri adətən geriyə dönük qüvvəyə malik olmur, yəni 1 iyula qədər baş tutmuş nikahlar bu qadağaya daxil edilmir. Lakin bu hüquqi incəliklərin cəmiyyətin hər təbəqəsinə düzgün və aydın şəkildə çatdırılmaması müəyyən təşvişin və “tələsik nikahların” yaranmasına yol açıb.
Bu fenomen, qısamüddətli dövr üçün nikahların sayında artım yaratsa da, dayanıqlı demoqrafik artım kimi qiymətləndirilməsi ehtiyatlı yanaşma tələb edir. Statistikanın ilin ikinci yarısında necə dəyişəcəyi bu amilin təsirini daha dəqiq göstərəcək.
Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “İlin sonunda statistik qiymətləndirmə daha dəqiq olacaq. Çünki bəzi faktorlar var ki, onlar nikah və boşanmaların sayına təsir edir. Məsələn, may ayında adətən cəmiyyətimizdə bu ayın uğursuz hesab edilməsi səbəbindən toylar az keçirilir. Buna görə də insanlar daha çox may ayına qədər və may ayından sonra nikah və toylarını planlaşdırırlar. Hazırkı statistikada müşahidə olunan artım da bu amillə izah oluna bilər.
Digər tərəfdən, məlum olduğu kimi, iyulun 1-dən etibarən qohum nikahlarının qadağan olunması ilə bağlı qanun qüvvəyə minir. Bu səbəbdən bəzi insanlar maksimum çalışırlar ki, həmin tarixədək nikaha girsinlər.
Boşanma sayının azalmasına gəlincə isə, hesab edirəm ki, Azərbaycan hazırda əslində boşanma “bumu” yaşayır. Yaxın vaxtlarda ölkəmizdə boşanmaların sayında azalma müşahidə olunmayacaq, əksinə, artım tendensiyası güclənəcək. Təəssüf ki, müxtəlif platformalar, xüsusilə sosial media və bəzi xarici nümunələr, o cümlədən Türkiyədə və digər ölkələrdə keçirilən “boşanma partiləri” bu tendensiyanı daha da dərinləşdirir.
Bəzi məşhurların, o cümlədən fəxri ad daşıyan sənətçilərin “boşandıqdan sonra gözəlləşdim” kimi çıxışları, yaxud xəyanətə xəyanətlə cavab verilməsini təşviq edən bəyanatlara efirdə yer verilməsi, əslində ailə dəyərlərinin dağıdılmasına xidmət edir. Bu, dolayısı ilə boşanmalara təşviq deməkdir.
Hesab edirəm ki, bu gün cəmiyyətimizdə düşüncə transformasiyası baş verir. İnsanlar getdikcə daha eqoist ruh halına köklənir və bu da boşanma hallarının artmasına səbəb olur. Təəssüf ki, hazırda 50 yaşdan yuxarı insanlar, eləcə də övladları olan ailələr arasında da boşanmalar baş verir. Əvvəllər bu hallar nadir idi, lakin indi insanlar o qədər eqoistləşiblər ki, hətta uşaq məsuliyyətini düşünmədən boşanmaq qərarına gəlirlər".