“Vaşinqton görüşü Azərbaycanın siyasi-diplomatik qələbəsidir” Aydın Mirzəzadə

“Vaşinqton görüşü Azərbaycanın siyasi-diplomatik qələbəsidir” Aydın Mirzəzadə
10:50

“Vaşinqton görüşü Azərbaycanın siyasi-diplomatik qələbəsidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ-da keçiriləcək Azərbaycan-Ermənistan görüşünü News365.az-a şərh edib. O, bu görüşü Azərbaycanın növbəti siyasi-diplomatik uğuru kimi dəyərləndirib.

Deputatın sözlərinə görə, keçmiş Dağlıq Qarabağ kimi riskli problemlər dünyada çoxdur. Münasibətləri sıfır səviyyəsində olan qonşu dövlətlər də az deyil. Lakin Azərbaycan apardığı uzaqgörən və məqsədyönlü siyasət nəticəsində bu məsələləri dünya gündəminə çıxarmağa nail olub.

“Qüdrətli və nüfuzlu dövlətlərdən biri olan ABŞ bu gün Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün səylər göstərir və görüşün təşkilatçılığını öz üzərinə götürür. Bu isə o deməkdir ki, Azərbaycanın apardığı siyasət ABŞ tərəfindən də anlayışla qarşılanır”, – deyə deputat bildirib.

Aydın Mirzəzadə hesab edir ki, Vaşinqtondakı görüşdə ilk növbədə tərəflər öz mövqelərini ortaya qoya biləcəklər. Eyni zamanda, Əbu-Dabidə keçirilmiş əvvəlki görüşün nəticələrinin daha da irəli aparılması imkanı yaranacaq.

“ABŞ regionda sabitliyin təmin olunmasında və münasibətlərin qurulmasında maraqlıdır. Ermənistan isə bu mövqedən nəticə çıxarmalı, konstitusiyasında dəyişikliklər etməli, sülh sazişini qəbul etməli, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Həmçinin erməni millətçilərinin qonşu xalqların torpaqlarına, mədəniyyətinə və tarixinə olan iddialarına birdəfəlik son qoyulmalıdır”, – deyə o əlavə edib.

Deputat vurğulayıb ki, bundan sonra artıq erməni millətçilərinin yalanlarına inananların sayı da azalacaq. Onun sözlərinə görə, dünya bu görüşün nəticələrini səbirsizliklə gözləyir və ümid etmək olar ki, bu görüş sülh sazişinə gedən yolu daha da qısaldacaq.

“Azərbaycan isə öz suverenliyini gələcək nəsillərə problem qoymadan ötürmək və davamlı inkişafını təmin etməkdə qərarlıdır”, – deyə Aydın Mirzəzadə açıqlamasında bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada