Türkiyədə saxta sənəd şəbəkəsi ifşa olundu

Türkiyədə saxta sənəd şəbəkəsi ifşa olundu
10:38

Türkiyədə saxta diplom və digər rəsmi sənədlər hazırlayan mütəşəkkil cinayətkar qrupla bağlı istintaq davam edir. İttihamnamədə qeyd olunub ki, bu şəbəkə təkcə sənəd saxtakarlığı ilə deyil, eyni zamanda çirkli pulların yuyulması ilə də məşğul olub.

News365.az xəbər verir ki, cinayətkar şəbəkənin əsas fiqurlarından biri kimi göstərilən və “Ziya hoca” ləqəbi ilə tanınan Ziya Kadiroğlunun Dubaydan gələcək mənşəyi bilinməyən pullarla bağlı “Pablo” adlı istifadəçi ilə yazışmaları ortaya çıxıb. Bildirilir ki, Kadiroğlu bu pullar qarşılığında saxta sənədlər hazırlayıb.

İttihamnaməyə əsasən, şəbəkə müxtəlif dövlət qurumlarında – o cümlədən nazirliklərdə, YÖK-də və digər rəsmi instansiyalarda rəhbər vəzifədə olan şəxslərin adına saxta e-imzalarla sənədlər, diplomlar və sürücülük vəsiqələri hazırlayıb.

Şübhəli qismində ifadə verən Ziya Kadiroğlu istintaqa bir sıra etiraflar edib. O bildirib ki, axtarışda olan şəxslər ona Telegram üzərindən müraciət edib və o, bu şəxslər üçün saxta şəxsiyyət vəsiqələri hazırlayıb:

“Mənə müraciət edən şəxslər adətən axtarış və yaxalama qərarı olanlar idi. Bu şəkildə 50-60 saxta kimlik sənədi hazırlamışam,” – deyə Kadiroğlu ifadəsində bildirib.

Telefon yazışmalarında isə onun “Alex” və “Pablo” adlı şəxslərlə daimi əlaqə saxladığı müəyyən edilib. Kadiroğlu bildirib ki, bir nəfər ondan kredit kartı kopyalamağı soruşduqda, bu məsələni “Alex” adlı şəxsə ötürüb və o da ona müvafiq link göndərib.

İttihamnamənin ən diqqətçəkən hissəsi Kadiroğlu ilə “Pablo” arasında Dubaydan gələcək və mənşəyi bilinməyən pullarla bağlı yazışmalardır. Kadiroğlu ifadəsində bildirib:

“Kim olduğunu tanımadığım Pablo adlı şəxs mənə başqalarına aid kimlik sənədləri göndərirdi. Bu sənədləri və ya diplomları hazırlamağımı istəyirdi. Mən isə bunun müqabilində 50.000 TL tələb edirdim. Nə qədər sənəd hazırladığımı xatırlamıram. Yazışmalarda az miqdarda endirim edəcəyimi də qeyd etmişdim. Məsələ Dubaydan Türkiyəyə gətiriləcək mənşəyi bilinməyən pulla bağlı idi.”

İddianaməyə əlavə olunan yazışmalarda Kadiroğlu ilə Pablo arasında “Allahın izniylə heç nə olmaz”, “Küçədə söhbəti yayılmasın kifayətdir” və “Şəxslər özlərini ifşa etməsin, bu yetərlidir” kimi mesajların mübadiləsi də yer alıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada