“Naxçıvanda iş mexanizmində problemlər yaranırdı”

“Naxçıvanda iş mexanizmində problemlər yaranırdı”
12:30

“Bu addım çox yerində olan addımdır. Bu, Naxçıvanda idarəetmənin həm sadələşdirilməsi, həm operativliyi tam təmin edəcək. O cümlədən Naxçıvanda sosial-iqtisadi islahatların həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişaf və digər qlobal layihələrin həyata keçirilməsində mövcud olan çatışmazlıq aradan qalxacaq”. 

News365.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin müzakirəsi bildirib. 

“Bilirsiniz ki, Naxçıvanda Prezidentin çox böyük sosial-iqtisadi layihəsi var, xeyli miqdarda vəsait ayrılıb. Bu vəsaitin müəyyən sahələrin inkişafı üçün sərf olunması operativ qərarların həyata keçməsini tələb edir. Biz dəfələrlə büdcə müzakirələrində bu məsələlərə toxunmuşuq. 

Naxçıvanda gələcəkdə azad iqtisadi zonanın yaradılandan, o cümlədən Zəngəzur dəhlizi açıldıqdan sonra Mərkəzi Asiya ilə Avropanı birləşdirən yolun Naxçıvandan keçməsi görüləcək işlərin operativliyini tələb edir. Ona görə də yeni layihə gələcəkdə bölgələrimizdə də tətbiq olunacaq. Nəzərdə tutulub ki, bu strukturların hər birinin iş prosesləri məhz ənənə kimi yaransın və Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə Prezidentin verdiyi tapşırıqlar, fərmanlar, sərəncamlar idarə olunsun. 

Bilirsiniz ki, bundan qabaq Naxçıvanda nazirlər başqa bir struktur tərəfindən idarə olunurdu, icra başçılarına başqa bir təqdimat verilirdi və iş mexanizmində də müəyyən problemlər yaranırdı. Ona görə də bu addımın atılması Naxçıvanın gələcəkdə inkişafına böyük təkan verəcək”, - deyə deputat bildirib.


Sizin reklam burada
Sizin reklam burada