ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə deyib ki, Moskva və Kiyev münaqişənin həllinə müstəqil şəkildə nail olmalıdırlar. Bu barədə "The New York Times" (NYT) yazıb.
“Tramp Putinlə telefon danışığından sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə və digər Avropa liderlərinə bəyan edib ki, onlar Rusiya və Ukrayna münaqişəni təkbaşına həll etməli olacaqlar”, - nəşr yazır.
Sayt həmçinin ABŞ-nin Avropadan fərqli olaraq Rusiya ilə daha geniş əlaqələri inkişaf etdirməyə çalışmasına da diqqət çəkib. "The New York Times" yaranmış bu vəziyyəti “Şimali Atlantika alyansı daxilində parçalanma” adlandırıb.
Xatırladaq ki, mayın 19-da Trampla Putin arasında telefon danışığı olub. Rusiya lideri danışıqları “mənalı, səmimi və faydalı” adlandırıb. O, həmkarına Moskvanın Kiyevlə atəşkəs və nizamlanmanın əsas prinsiplərini özündə əks etdirən memorandum üzərində işləməyə hazır olduğunu bildirib. Putin sülhə doğru ən səmərəli yolların işlənib hazırlanmasına çağırıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural