Hər il vətəndaşların əməkhaqqından yüz milyonlarla vəsait Həmkarlar İttifaqları Konfederasiyasının balansına köçürülür. Bəs bu pullar hara xərclənir və qurum üzvlərinə hansı dəstəyi göstərir?
News365.az xəbər verir ki, jurnalist Elvin Basqallı sosial şəbəkə hesabında paylaşım edərək Həmkarlar İttifaqlarının fəaliyyətindən narazılığını ifadə edib.
O bildirib ki, əvvəllər həmkarlar ittifaqları vasitəsilə vətəndaşlara 18 günlük istirahət göndərişləri verilirdi. Sonradan bu müddət 12 günə, daha sonra isə 6 günə endirilib. Hazırda isə göndərişlərdən yalnız ittifaq üzvünün özü yararlana bilir, ailə üzvləri bu imkandan istifadə edə bilmirlər. Ailə ilə istirahətə getmək isə xərcləri dəfələrlə artırır.
Jurnalist qeyd edib ki, göndərişlərin təqdim olunduğu istirahət mərkəzlərində qiymətlər də kifayət qədər yüksəkdir.
Basqallı Naxçıvandakı Duzdağ Müalicə Mərkəzinin imkanlarından da danışıb. Onun sözlərinə görə, tənəffüs yolları ilə bağlı xəstəliklərdən əziyyət çəkən vətəndaşlar burada müalicə alırlar. Lakin qış aylarında bu xidmətdən yararlanmaq istəyənlərin sayının az olduğunu düşünür.
Jurnalist bildirib ki, bir müddət əvvəl müalicə üçün müraciət etmək istəyib. Ona müraciətlərin yalnız elektron qaydada qəbul edildiyi bildirilib. Bunun üçün lazımi arayışları toplasa da, sistemə daxil olaraq qeydiyyatdan keçə bilməyib.
Onun sözlərinə görə, 24 saat ərzində hər yarım saatdan bir sistemə daxil olmağa çalışsa da, nəticə əldə edə bilməyib.
Basqallı elektron müraciət sisteminin vətəndaşların xidmətlərdən istifadəsini asanlaşdırmaq əvəzinə, əlavə çətinlik yaratdığını vurğulayıb:
“Əgər sistemə daxil olmaq mümkün deyilsə, mən bu xidmətdən yararlana bilmirəmsə, bəs niyə ödəniş edirəm? Bu pullar hara xərclənir?”
O, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi ilə bağlı da suallar ünvanlayıb. Bildirib ki, əvvəllər qurumun sədri Səttar Möhbalıyev idi. Onun rəhbərliyi dövründə də əməkhaqqından vəsait tutulsa da, vətəndaşlar müəyyən xidmətlərdən yararlana bilirdilər. Hazırda isə bu imkanların məhdudlaşdığını iddia edib.
Jurnalist mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxladığını, lakin problemin həlli istiqamətində ona kömək göstərilmədiyini qeyd edib.
Basqallı paylaşımında ittifaq rəhbərliyinin fəaliyyətinə dair hesabatlılıq məsələsini də gündəmə gətirərək, qurum sədrinin Bakının ən bahalı ərazilərindən biri olan İçərişəhərdə yerləşən inzibati binada fəaliyyət göstərdiyini vurğulayıb.
O, həmkarlar ittifaqlarına üzvlük haqları şəklində ödənilən vəsaitlərin hara yönəldiyi və vətəndaşların bu ödənişlərin qarşılığında hansı xidmətlərdən yararlana bildiyi barədə suallar qaldırıb.