ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) 50 ildən sonra həyata keçiriləcək ilk insanlı Ay uçuşu üçün hazırlıqları davam etdirir. 2026-cı ilin aprelində baş tutması planlaşdırılan Artemis II missiyası çərçivəsində qurum Yer üzündən dəstək göstərəcək könüllülərin müraciətini qəbul etdiyini açıqlayıb.
News365.az xəbər verir ki, missiyada 4 astronavt 10 günlük səyahətlə Dünya orbitindən çıxaraq Ay ətrafında dövrə vuracaq və geri dönəcək. Bu prosesdə Orion kosmik aparatının radio siqnallarını izləyəcək xüsusi yer stansiyalarına ehtiyac var.
Könüllülərdən gözlənilənlər:
Orion-un siqnallarını qəbul etmək və fasiləsiz izləmək təcrübəsi,
Tek yönlü Doppler izləmə məlumatlarını hazırlayıb hesabat vermək,
Müəyyən radio tezliklərini qəbul edə biləcək texniki avadanlığa sahib olmaq.
Müraciətlər ABŞ hökumətinin rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir.
NASA daha əvvəl də oxşar təşəbbüs həyata keçirib. 2022-ci ildə Artemis I missiyası zamanı 18 könüllü insansız Orion kapsulunun 25 günlük Ay səyahətini izləyərək uğurla hesabatlandırmışdı. Onların arasında həvəskar radio həvəskarları da var idi.
NASA rəsmisi Kevin Coggins bildirib ki, bu təşəbbüs yalnız missiyaya dəstək məqsədi daşımır, həm də dövlət strukturlarından kənarda mövcud izləmə imkanlarını müəyyənləşdirmək üçün bir sınaq xarakteri daşıyır. Qurum həmçinin SpaceX kimi özəl şirkətlərlə əməkdaşlıq edərkən, xüsusi mülkiyyətə aid texnologiyaların imkanlarını da yoxlamağı hədəfləyir.