Nailə İslamzadə niyə depresiyaya düşmüşdü?

Nailə İslamzadə niyə depresiyaya düşmüşdü?
01 Avq 2023 22:45

O 61 yaşlı gəncdir. Yaşındakı rəqəmlər artsa da, hər zaman gözəl, gənc, təmkinli qalmağı bacarıb.  Biri var. Azərbaycan Teleməkanının unudulmaz siması Nailə İslamzadə.

Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailə xanımın özündən başqa dörd böyük qardaşı olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Rus dili və Ədəbiyyatı İnstitutuna verib və qəbul olunub. Hər dəfə tətillərdə Balakənə gedəndə sevinir, geri qayıdanda isə yolboyu ağlayırmış.

O tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılıb və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunub.

İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxaraq “hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra “Zəngli saat” və “Sovet ittifaqına xidmət edirəm” verilişləri transilasiya olunacaq” deyib. Bu sözlərdən sonra diktor Rafiq Hüseynov rejissor pultunun ardından ayağa qalxıb Nailəni qucaqlayıb və ona deyib: “Təbrik edirəm Nailə! İndi səni bütün Azərbaycan tanıdı”.

 

Nailə xanım diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub.

Ancaq iş elə gətirib ki, Nailə xanım 25 il işlədiyi televiziya kanalından, AzTV-dən ayrılmaq qərarına gəlib. O, bu barədə deyib. “Bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar”.

O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub. 

 

Diktorun həyat yoldaşı onu efirdən görüb, bəyənib. Sonradan o, Xalq artisti Ağakişi Kazımovla televiziyaya gələrək diktor Rafiq Hüseynovla görüşüb. Rafiq Hüseynov məsələdən xəbər tutanda, Nailəni otağa çağırıb. Heç nədən xəbəri olmayan Nailə xanım otağa girib çıxandan sonra öyrənib ki, qonaqlar onun üçün elçiliyə gəliblər. Bu məsələdən sonra Nailə xanım onunla tanış olmaq istəyən bəylə görüşüb, münasibət qurub. Bir müddətdən sonra onlar evləniblər. Bu evlilikdən cütlüyün İslam adlı bir oğlu dünyaya gəlib.

Onun haqqında yayılan ən maraqlı şayiələrdən biri  Xalq artisti Akif İslamzadənin həyat yoldaşı olmasıdı. Bu barədə diktor özü deyib. "İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm".

 

İstedadlı jurnalist özünü aktrisalıqda da sınayıb. Bir zamanlar Space televiziyasında yayımlanan Cənnətə Səyahət serialında ana obrazını canlandırıb. O özü bu haqqda deyib.  " Mən diktor, aparıcı olduğum zaman  kinostudiyadan bir neçə dəfə təklif gəlmişdi. Amma alınmamışdo. Bu fikir məndə yaranmadı, sadəcə bu rolu mənə təklif etdilər, məni bu rolda gördüklərini dedilər, mən də ssenari ilə tanış olduqdan sonra qəbul etdim. Çünki, bu işin başında Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, filmləri beynəlxalq səviyyədə tanınan, onlarla beynəlxalq müsabiqələr laureatı, tanınmış rejissor və ssenari müəllifi, hörmət bəslədiyim insan Vaqif Mustafayev durmuşdu.

Nailə xanım, belə desək hər zaman xanım-xatun gözəlliyiylə seçilib. Verkislərin birində öz sirrini sevənləri ilə bölüşərək deyib: ""İnsan sağlamlığına və gözəlliyinə gənc yaşlarından fikir verməlidir. Müəyyən bəlli yaşa çatanda artıq baza yaranmalıdır. Çox vaxt məndən kosmetoloqumun kim olduğunu soruşurlar. Düzdür, bunun da əhəmiyyəti böyükdür. Lakin 10-15 prosedurla möcüzələr yaratmaq olmur. 32-35 yaşına qədər insanın bədənindəki kollagenlər dərini tonusda saxlayır. Bundan sonra isə gərək özünə qulluq edəsən""

Televiziyada işləyəndə diktorun atası rəhmətə gedib. Bir müddət keçib. diktorun iki qardaşı xərçəng xəstəliyindən vəfat edib. Onun üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişib. Bu zaman Türkiyədə TRT Avaz-da aparıcı kimi fəaliyyət göstərən Nailə İslamzadə verilişlərin birində fasilə vaxtı təsadüfən "Facebook"a girib və rəfiqəsinin ona başsağlığı yazdığını görüb. Əvvəl heç nə başa düşməsə də, sonradan ona qardaşının ölüm xəbərini veriblər. O, özü müsahibələrinin birində bu haqda deyib. “Gördüm ki, başsağlığı verirlər mənə. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, necə aparım verilişi.  Hələ elə ağır veriliş aparmamışdım”.

Pandemiya dövründə aparıcının Balakəndə yaşayan anasının vəziyyəti pisləşib. Diktora zəng vurub anasının son nəfəsdə olduğunu və gəlmək lazım olduğunu deyiblər. O, təcili yola çıxsa da anasının son nəfəsinə çata bilməyib. Müsahibələrinin birində bu haqda deyib: “Mən Bakıdan çıxanda, yolda bildim ki, anam artıq rəhmətə gedib.  məni polislər saxladı, onlar dedilər ki, sizin adınız portalda yoxdur. Bu mənə pis təsir elədi ki, anamı son dəfə görə bilmədim. Bəlkə onun mənə bir sözü, məndən bir istəyi vardı”. 

 

Nailə İslamzadə dini baxışı ilə də hər zaman ön planda olub. O bu barədə deyib: "Dinin başlıca missiyası insanları Allahın əxlaqına qaytarmaqdır. Allaha inanıram, qapanmaqdan savayı hər bir müsəlmanın öhdəliyinə düşən müəyyən dini ritualları yerinə yetirməyə çalışıram. Dinin çox missiyası var, təəssüf ki, İslam dini son illərdə dünyada fərqli tərzdə “təbliğ olunur”. Müasir dövrdə din adından istifadə edərək dünyanın bir çox bölgəsində törədilən terror hadisələri qlobal problemə çevrilib. Allahın adını tutub müharibələr edirlər. "Allahu Əkbər" deyib insanlara güllə atırlar... Buna görə insanların dini inancları zədələnib. Dinlərə yanaşmalar müxtəlifdir. Dindən bəzən iqtisadi və siyasi maraqlar naminə sui-istifadə edilir, ictimaiyyətdə lazımi yöndən istifadə etməyən insanlar var"

Nailə xanım boş vaxtlarında səsli kitabları və Quran dinləyir. Formasını daim nəzarətdə saxlayan diktorun sözlərinə görə, gün ərzində Bulvarda 5-6 km yol gedir. Bir neçə il əvvəl isə depressiyaya düşdüyündən piano öyrənməyə başlayıb. Bunun üçün xüsusi müəllim yanına gedib notları öyrənib.

Kamal Hüseynli


Sizin reklam burada
Sizin reklam burada