Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı daha iki zərərçəkənlə barışıq elan olunub

Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı daha iki zərərçəkənlə barışıq elan olunub
18:15

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

News365.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bəzi sənədlər elan edilib.

Məlum olub ki, daha iki zərərçəkənlə barışıq sazişi imzalanıb. Belə ki, hadisə zamanı vəfat edən iki şəxsin hüquqi varisləri Vüsalə Məmmədova və Fanara İsmayılova arasında notariusda müqavilə imzalanıb və həmin şəxslərə 30 min manat təzminat verilib. Sazişdə qeyd olunub ki, onların təqsirləndirilən şəxslərə qarşı tələbləri yoxdur. Gələcəkdə iddiaları olacağı təqdirdə, ödənilən təzminatdan imtina etməli və geri qaytarmalıdırlar.

Müdafiə tərəfi iş üzrə şahid qismində tanınan Elşad Məmmədli və Rüstəm Ağazadənin prosesə çağırılaraq ifadə verməsini xahiş edib. Hər iki şahidin ifadə verməsi növbəti prosesdə təmin ediləcək.

Bir neçə şahid prosesdə iştirak etməsə də, onların ifadələri elan edilmiş hesab edilib.

Bundan başqa, prosesdə vəfat etmiş şəxslərdən birinin hüquqi varisi bildirib ki, o, təqsirləndirilən şəxslərlə barışmır və verilən məbləğlə razılaşmır. Bildirilib ki, təqsirləndirilən şəxs vəfat edən şəxsin 2 yaşlı övladına 18 yaşınadək hər ay 500 manat ödəniş etməyi təklif edib. Lakin vəfat edən şəxsin hüquqi varisi bununla razılaşmayıb.

Proses 24 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada