Azərbaycan və Qazaxıstan arasında strateji müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi regional əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və təhlükəsizlik sahəsində koordinasiyanın güclənməsinə xidmət edir.
Politoloq Anar İsayev News365.az-a açıqlamasında iki ölkə arasında imzalanan müttəfiqlik sazişinin əhəmiyyətini dəyərləndirib.

Politoloqun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq siyasəti 2024-cü ildən etibarən yeni mərhələyə qədəm qoyub.
"Bu proses əslində 2024-cü ildən başlayıb. Azərbaycanın türk dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Türkmənistan və digər dövlətlərlə strateji müttəfiqlik münasibətləri formalaşıb. Hazırda Türküstan coğrafiyasında yerləşən demək olar ki, bütün türk dövlətləri ilə Azərbaycanın strateji müttəfiqlik müqavilələri mövcuddur. Bu, dövlətlər arasında həm iqtisadi, həm də siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, regionda və dünyada baş verən geosiyasi proseslər fonunda bu cür sazişlərin əhəmiyyəti daha da artır.
"Bu gün dünyada və regionumuzda baş verən hadisələr göstərir ki, strateji müttəfiqlik sazişləri hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və həm regionda, həm də Yaxın Şərqdə baş verən proseslər fonunda münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi vacib amillərdən biridir".
Politoloq bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında bu tip müqavilələrin imzalanması gələcək risklərə qarşı ortaq fəaliyyət baxımından da mühüm rol oynayacaq.
"Heç bir dövlət bu gün dünyada baş verən proseslərdən tam sığortalanmayıb. Buna görə də Azərbaycan və Qazaxıstan arasında bağlanan müttəfiqlik sazişi gələcəkdə yarana biləcək çağırışlara qarşı birgə fəaliyyət üçün mühüm hüquqi baza yaradır. Bu sənəd iqtisadi əməkdaşlığın, ticarətin və investisiyaların inkişafına töhfə verməklə yanaşı, hərbi sahədə qarşılıqlı dəstəyin gücləndirilməsi və beynəlxalq platformalarda ortaq mövqedən çıxış edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır".