Erməni lobbisi və diasporunun Qarabağa səfər etmiş diplomatlara və digər şəxslərə ictimai təzyiq göstərməsi ilk dəfə deyil. Erməni lobbisi onları bu səfərlərə görə hədəfə gətirir. Lakin budəfəki hadisənin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, bu cür yanaşma son illərdə Ermənistan-Azərbaycan münasibətlərində formalaşan pozitiv gündəmlə ziddiyyət təşkil edir.
Bu sözləri News365.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
O bildirib ki, əvvəlki hallarda bu cür kampaniyalar əsasən erməni lobbisi və diasporunun təşəbbüsü ilə həyata keçirilirdisə, son hadisə zamanı Ermənistan cəmiyyətinin və hökumətinin də bu prosesə qoşulduğu müşahidə olunur. Nəticədə Qarabağa səfər etmiş diplomatlara qarşı təzyiq kampaniyasında daha geniş dairələr iştirak edib:
"Erməni lobbisi və diasporunun bu mövqeyi müəyyən mənada onların Qarabağ məsələsi ilə bağlı formalaşmış ideoloji gündəliyi ilə əlaqələndirilə bilər. Çünki Qarabağ məsələsi uzun illərdir erməni lobbisi və diaspor təşkilatlarının fəaliyyətində əsas mövzulardan biri olaraq qalır. Bununla belə, Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığı bir dövrdə bu yanaşmanın davam etdirilməsi suallar doğurur.
Digər diqqətçəkən məqam isə erməni lobbisi, bəzi ictimai və siyasi nümayəndələr tərəfindən diplomatların hara səfər etməli və ya etməməli olduqları ilə bağlı mövqe ortaya qoyulmasıdır. Bu yanaşma diplomatik fəaliyyətə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər.
Diplomatların münaqişə və keçmiş münaqişə ərazilərinə səfər etməsi beynəlxalq praktikada qeyri-adi hal deyil. Diplomatik nümayəndələr müxtəlif prosesləri yalnız üçüncü tərəflərin təqdim etdiyi məlumatlar əsasında deyil, birbaşa yerində müşahidə etmək və əldə etdikləri məlumatları öz ölkələrinə çatdırmaq məqsədilə belə səfərlər həyata keçirə bilərlər".
Politoloqun sözlərinə görə, bu baxımdan, Qarabağa səfər etmiş diplomatların ictimai təzyiqə məruz qalması diplomatik fəaliyyət baxımından müzakirə doğuran məsələdir. Xüsusilə Azərbaycanla diplomatik münasibətləri olan və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ölkələrin diplomatlarının fəaliyyətinə münasibətdə bu məsələnin həmin dövlətlər tərəfindən də diqqətdə saxlanılması vacibdir:
"Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrin fəaliyyətinə görə hədəfə gətirilməsi halında onların təmsil etdikləri dövlətlərin müvafiq mövqe ortaya qoyması diplomatik nümayəndələrin müdafiəsi baxımından əhəmiyyət daşıyır.
Bu məsələnin yalnız Azərbaycan hökumətinin və ya dövlətinin mövqeyi kimi təqdim edilməsi doğru olmazdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan dövlətlərin də öz diplomatlarının fəaliyyətinə münasibətdə müvafiq mövqe nümayiş etdirməsi diplomatik prinsiplər baxımından əhəmiyyətlidir".