Küveytin Xarici İşlər Nazirliyi (XİN) İranın ölkə ərazisinə endirdiyi hücumları qətiyyətlə pisləyib.
News365.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, Küveyt İranın həyata keçirdiyi hücumları ölkənin suverenliyinə qarşı kobud pozuntu və "təcavüz aktı" kimi qiymətləndirir.
Bəyanatda vurğulanır ki, bu cür addımlar regionda və dünyada gərginliyin azaldılmasına yönəlmiş səylərə zərbə vurur, eyni zamanda bu prosesi dəstəkləyən beynəlxalq iradəyə açıq şəkildə meydan oxuyur.
XİN həmçinin bəyan edib ki, Küveyt öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq, eləcə də ölkə ərazisində yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü gecə Küveytdə yerləşən Əli-əl-Salem hava bazasına və Bəhreynin Salman şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına daxil olmaqla, Birləşmiş Ştatların səkkiz mühüm hərbi obyektinə zərbələr endirdiyini açıqlamışdı.